• Bakı C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

“Fast-food”la qidalanan nəsil: Sağlamlıq üçün səssiz təhlükə

CƏMİYYƏT

14 Yanvar 2026 | 12:26

“Fast-food”la qidalanan nəsil: Sağlamlıq üçün səssiz təhlükə

Artıq uzun müddətdir ki, "fast-food" tipli yeməklər gündəlik qida rasionumuzun ayrılmaz hissəsinə çevrilib. Bu qidaları böyüklər kimi, uşaqların da sevimli yeməkləri hesab olunur.

Bunun başlıca səbəbi dünyanın bütün ölkələrində "fast-food"un tez hazırlanan ucuz qida kimi tanınmasıdır. Bundan başqa, "fast-food" dadına görə digər qidalar arasında üstünlük təşkil edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qeyri-sağlam qidalanma vərdişləri qlobal kənd təsərrüfatı-ərzaq sistemlərində hər il 8 trilyon dollar gizli xərclərə səbəb olur. Bu vərdişlər isə ürək xəstəlikləri, insult və diabet kimi narahatlıq doğuran xəstəliklərə səbəb olur, eyni zamanda ətraf mühitin deqradasiyası və sosial bərabərsizliklərlə bağlı xərcləri də artırır.

"Fast-food"un mənfi təsirlərini nəzərə alsaq, məktəblərdə sağlam qida siyasəti necə təmin olunmalıdır? "Fast-food" istehlakının qarşısını almaq üçün hansı sosial və hüquqi mexanizmlər tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu gün xüsusilə gənclərin "fast-food"dan geniş şəkildə istifadə etməsi birmənalı şəkildə onların sağlamlığına və inkişafına mənfi təsir edir. Bundan əlavə, gənclərdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Mütəxəssisin sözlərinə görə, bu cür qidaların xarab olmaması üçün çox miqdarda konservantlardan, dadlandırıcılardan, aromatizatorlar və müxtəlif  kimyəvi maddələrdən istifadə olunur. Bu maddələr insan orqanizmində daxili orqanların funksiyasını pozur:

"Eyni zamanda sözügedən kimyəvi maddələr insanlarda "fast-food"ə qarşı asılılıq yaradır. Ona görə də "fast-food"larla qidalanan gənc və yeniyetmələr əksər hallarda ənənəvi üsulla bişirilən qidalardan imtina edirlər. Hətta mövsümi meyvə və qidalardan da üz çevirirlər. Nəticədə həmin insanlarda vitamin və mineral çatışmazlığı yaranır, immun sistemi aşağı düşür və xəstəliklə mübarizədə daha zəif nəticə əldə olunur. Bu cür problemin qarşısını almaq üçün çox çətindir. Çünki tələbat artıqca, restoranların sayı artır. Restoranların cəlbedici təklifləri isə "fast-food"a marağı daha da artırır".

Məhsəti Hüseynova: Məktəb bufetlərində, universitetlərdə sağlam qida ilə hazırlanan yeməklərin əlçatanlığı təmin olunmalıdır

M.Hüseynovanın fikrincə, maarriflənmənin olmaması gənc və yeniyetmələrin sağlamlığını daha çox təhlükə altına salır. Bu baxımdan sağlam qidalanmanın əhəmiyyəti artırılmalıdır. "Fast-food"un sadəcə bir qida kimi həyatımıza girmədiyi və zərərli vərdişə çevrilməsinin fəsadları barədə informasiya verilməlidir. Bununla yanaşı, insanlara alternativ variantlar da təklif olunmalıdır.

Müsahibimiz qeyd  edib ki, alternativ variantlar olmadan "fast-food"un zərərlərinin aşılanması maarriflənməni əhəmiyyətsiz hala gətirib çıxaracaq. Ona görə də məktəblərin bufetlərində, universitetlərdə sağlam qida və sağlam qida ilə hazırlanan yeməklərin əlçatanlığı təmin olunmalıdır.

“Eyni zamanda qiymətlərin münasib olması və "fast-food"dakı kimi hədiyyə hiylələlərindən istifadə olunması daha effektiv nəticə verə bilər. Bundan başqa, təzə meyvə və tərəvəzlərin sanitar qaydalara uyğun şəkildə satışının həyata keçirilməsi məqsədəuyğundur. Həmçinin qazlı və şirəli içkilərin yerinə, su və ayran təqdim oluna bilər. Ən önəmli məsələlərdən biri şagirdlər arasında etiket oxuma vərdişinin aşılanmasıdır. Elm və Təhsil Nazirliyi və ya aidiyyəti qurumlar mütəmadi olaraq bu məsələnin mütləq şəkildə təbliğatını həyata keçirməlidir", - deyə Məhsəti Hüseynova öz təkliflərini irəli sürüb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Yanvar 2026