Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılmış Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik əleyhinə davamlı və sistemli mübarizə aparır. BTQ müstəmləkə altında qalan və müstəqillik uğrunda mübarizə aparan xalqların mübarizəsini dəstəkləyir.
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir” adlı alternativ hesabat təqdim edib. Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib.
Qeyd edək ki, 14 oktyabr-8 noyabr 2024-cü il tarixdə BMT-nin İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası keçiriləcək. Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyənin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icra edilməsi ilə əlaqədar ölkə hesabatları dinləniləcək. Pakta əsasən, sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər. Hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gəlir. Fransanın ölkə hesabatının bu ilin 22-23 oktyabr tarixlərində İnsan Hüquqları Komitəsində dinlənilməsi nəzərdə tutulur.
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bitmək üzrə olan 2024-cü ildə dünyanın mütərəqqi və bəşəri qanunlarla idarə olunduğu halda Avropanın mərkəzində özünü "demokratik ölkə" kimi təqdim edən Fransa hələ də israrla müstəmləkə siyasətini yürütməyə davam edir.
Ekspertin sözlərinə görə, Fransa müstəmləkə xalqlarının öz müqəddəratını həll etmək, müstəqil dövlətə sahib olmaq arzularını şiddətlə boğur:
"Fransanın müstəmləkə altında saxladığı ölkələr Parisdən minlərlə kilometr uzaqda yerləşir. Ən acınaqlı məsələ məhz budur. Fransa ən iyrənc formada müstəmləkələrin yeraltı və yerüstü sərvətlərini talayır, istismar edir. Bu azmış kimi insanların ən fundamental hüquqlarını pozur. Belə şərtlər daxilində özünü həyasızcasına hələ də "dünyanın demokratik ölkəsi" adlandırır”.
Müsahibimiz qeyd edib ki, dünyanın idarəsini öz üzərinə götürmüş BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Fransanın bu cür davranışı qəbuledilməzdir. Ə.Şahidova görə, əgər müstəmləkəçilik əleyhinə hansısa qərar qəbul edilsə və bu qərar icraat üçün BMT-nin TŞ-na çıxarılsa, Fransa öz əleyhinə olan qərara veto qoyacaq. Bu, dünyadakı ədalətsizliyin bariz nümunəsidir:
“Azərbaycan da bu ədalətsizlikdən əziyyət çəkən, haqqı tapdanan, işğala, soyqırıma, təcavüzə məruz qalan bir ölkə kimi dünyanın bütün müstəmləkə xalqlarının yanındayıq, onların müdafiəsindəyik".
Əhməd Şahidov: Yaxşı olar ki, Fransa ilk növbədə müstəmləkəçilik siyasətinə, öz əməllərinə görə hesabat versin
Hüquq müdafiəçisi bəyan edib ki, Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqların Bakıya gəlməsi, Azərbaycanı özlərinə daha yaxın hiss etməsi də təsadüfi deyil:
"Çünki Azərbaycan həmin xalqlar üçün doğma yerə, ikinci vətənə çevrilib. O məqsədlə Fransanın kolonial siyasətinə məruz qalmış xalqlar tez-tez Bakıda toplaşır, öz haqq səslərini ucaldırlar. Fransa bundan çox narahatdır. Məhz ona görə Bakıya qarşı qərəzli siyasət həyata keçirir”.
Həmsöhbətimiz görə, yaxşı olar ki, Fransa ilk növbədə müstəmləkəçilik siyasətinə, öz əməllərinə görə hesabat versin:
“Azərbaycan Fransanın müstəmləkə siyasətini ifşa etmək üçün əlindən gələni edəcək. Bakıya dəstək verən ölkələrin sayı kifayət qədər çoxdur. O baxımdan, düşünürəm ki, Fransanın neokolonial siyasəti ilə bağlı BMT-də konkret qərarlar alınmalıdır".
Aydın Baxış