Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə təkcə diplomatik açıqlama deyil, Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin məzmununu, gələcək istiqamətlərini və Türk dünyasında inteqrasiyanın strateji fəlsəfəsini ifadə edən proqram xarakterli sənəd kimi dəyərləndirilə bilər.
Dövlət başçısının fikirlərində iki qardaş ölkə arasında münasibətlərin təməlini təşkil edən etimad, ortaq dəyərlər və tarixi bağlılıqla yanaşı, müasir dövrdə iqtisadi, siyasi və regional kontekstdə bu əlaqələrin necə yeni məzmuna qovuşduğu açıq şəkildə görünür.
Prezident Əliyevin müsahibəsində ilk növbədə Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi münasibətlərin yüksək səviyyəsi vurğulanır. Dövlətimizin başçısı bildirir ki, bu əlaqələrin əsasında yüzilliklər boyu formalaşmış qardaşlıq münasibətləri, ortaq türk kimliyi və mədəni yaxınlıq dayanır. Lakin bu münasibətlər yalnız emosional bağlarla məhdudlaşmır - onlar artıq strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisinə keçib. Prezidentin sözlərindən aydın olur ki, bu səviyyəyə çatmaqda iki ölkə liderləri arasında etimad, qarşılıqlı anlayış və daimi siyasi dialoq əsas rol oynayıb.
Müsahibədə xüsusi olaraq qeyd edilir ki, bu, son üç ildə Prezident Əliyevin Qazaxıstana yeddinci səfəridir, Prezident Tokayev isə eyni dövrdə Azərbaycana altı dəfə gəlib. Bu rəqəmlər sadəcə statistik məlumat deyil - bu, qarşılıqlı maraqlara əsaslanan diplomatiyanın intensivliyini və dinamizmini nümayiş etdirir. Hər iki liderin səyləri sayəsində Azərbaycan-Qazaxıstan münasibətləri regionda nümunəvi strateji tərəfdaşlıq modelinə çevrilib.
İqtisadi-ticari əlaqələr müsahibənin əsas vurğularından biridir. Prezident Əliyev konkret rəqəmlərlə bildirir ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin ilk səkkiz ayında 547 milyon dollara çatıb və bu göstərici son illərlə müqayisədə üç dəfədən çox artımı göstərir. Bundan əlavə, nizamnamə kapitalı 300 milyon dollar olan Birgə İnvestisiya Fondu yaradılıb ki, bu da iki ölkənin iqtisadi inteqrasiyasının institusional səviyyəyə yüksəldiyini göstərir. Bu fondun fəaliyyəti gələcəkdə sənaye kooperasiyası, logistika və innovasiya layihələrinin həyata keçirilməsinə ciddi təkan verəcək.
Müsahibədə nəqliyyat-logistika və enerji sektorlarında əməkdaşlıq da ön plana çəkilir. Prezident Əliyev Orta Dəhlizin rolunu xüsusi vurğulayaraq bildirir ki, bu marşrut həm Azərbaycan, həm Qazaxıstan, həm də bütövlükdə Türk dünyası üçün strateji əhəmiyyət kəsb edir. Aktau və Ələt limanları arasında əlaqələrin modernləşdirilməsi, yükdaşımaların artırılması və vahid tarif sisteminin formalaşdırılması barədə fikirlər, iki ölkənin Avrasiya tranzit xəritəsində mərkəzi mövqeyə sahib olma niyyətini əks etdirir.
Eyni zamanda, enerji sahəsində əməkdaşlıqda yeni mərhələ başlayır. SOCAR və “KazMunayQaz” arasında neft tranziti üzrə razılaşmalar, bərpaolunan enerji və rəqəmsal inteqrasiya sahəsində imzalanan sazişlər tərəflərin gələcəyə yönəlmiş vizyonunu ortaya qoyur. Prezident Əliyevin qeyd etdiyi kimi, bu, sadəcə iqtisadi maraq deyil, həm də dayanıqlı və ekoloji baxımdan məsuliyyətli inkişaf modelinin birgə formalaşdırılmasıdır.
Türk Dövlətləri Təşkilatına dair bölmə isə müsahibənin ideoloji yükünü təşkil edir. İlham Əliyev 2009-cu ildə Naxçıvanda yaradılmış TDT-nin bu gün Türk dünyasının həmrəyliyinin əsas dayağına çevrildiyini xatırladır. O, Şuşa və Qəbələdə keçirilmiş zirvə görüşlərinin əhəmiyyətini qeyd edir, Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasını “qlobal güc mərkəzinə çevrilməyin yolu” kimi dəyərləndirir. Bu, Azərbaycanın regional diplomatiyasının mərkəzində dayanan “vahid türk məkanı” ideyasının davamıdır.
Müsahibədə diqqət çəkən daha bir məqam Xəzər dənizinin dayazlaşması ilə bağlı ekoloji xəbərdarlıqdır. Prezident bu problemi həm regional təhlükəsizlik, həm də ekoloji sabitlik kontekstində qiymətləndirərək bildirir ki, Xəzəryanı dövlətlər elmi məlumat mübadiləsini gücləndirməli və birgə tədbirlər planı hazırlamalıdırlar. Bu çağırış Azərbaycanın ekoloji diplomatiyada da fəal mövqedə olduğunu göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji xarakterini təsdiqləməklə yanaşı, regionun gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirir. Siyasi etimadın möhkəmliyi, iqtisadi inteqrasiyanın sürəti, mədəni yaxınlığın dərinliyi və Türk dünyası çərçivəsində vahid məqsədlərin güclənməsi bu münasibətləri təkcə ikitərəfli deyil, həm də pan-türk və Avrasiya miqyasında nümunəvi əməkdaşlıq modelinə çevirir. Bu müsahibə Azərbaycanın diplomatik fəlsəfəsində qarşılıqlı etimad, tarixi bağlılıq və gələcəyə yönəlik vizionun vəhdətini bir daha nümayiş etdirdi.
Ruslan Zəngəzur