• Bakı 27° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Gömrük razılaşması ABŞ-Aİ gərginliyini azaldacaqmı?

DÜNYA

30 Iyul 2025 | 10:48

Gömrük razılaşması ABŞ-Aİ gərginliyini azaldacaqmı?

Şotlandiyada ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin görüşü, uzun müddətdir davam edən gömrük qarşıdurmasına müəyyən qədər son qoydu. Görüş nəticəsində razılıq əldə olunsa da, detalları hələ tam açıqlanmayıb.

Bakıvaxtı.az xəbər verir ki, mövcud məlumatlara görə, Avropa İttifaqından ABŞ-yə ixrac edilən məhsullara tətbiq ediləcək gömrük tariflərinin yüksək qalacağı ehtimal olunur. ABŞ-nin 15 faizdən aşağı gömrük tariflərinə getməyəcəyi bəyanatı isə razılaşmanın əsl mahiyyətinə dair suallar doğurur. Bəs bu razılaşma Aİ-ni ABŞ-nin iqtisadi təzyiqlərindən tam sığortalaya biləcəkmi?

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, hazırkı razılaşma bir növ “taktiki barış” təsiri bağışlayır. Onun sözlərinə görə, Donald Trampın iqtisadi siyasəti adətən qısa müddətli taktiki üstünlüklərə hesablanır və daha çox təzyiq diplomatiyasına əsaslanır:

“Bu baxımdan, əldə olunan razılaşmanın davamlı olacağına dair zəmanət vermək çətindir. ABŞ tərəfi gömrük tariflərini azaltmaq istəmir və bu, qarşıdakı dövrdə yeni gərginliklərə zəmin yarada bilər”.

Müsahibimiz qeyd edib ki, ABŞ, xüsusilə Trampın rəhbərliyi ilə, iqtisadi balansı öz xeyrinə dəyişmək məqsədi güdür. Avropa məhsullarına yüksək tariflər tətbiq etməklə Amerika bazarında yerli istehsalçının mövqeyini möhkəmləndirməyə çalışır. Həm də bu razılaşma Trampın “Amerika üstünlüyü” siyasətinə xidmət edir - yəni kompromis görüntüsü verilir, amma əsas üstünlük yenə ABŞ tərəfində qalır.

Politoloq bildirib ki,Aİ-nin məqsədi ABŞ-nin tətbiq etdiyi sərt tarifləri daha da artırmasının qarşısını almaq idi:

“Razılaşma detalları açıqlanmasa da, ehtimal ki, Brüssel müəyyən güzəştlər qarşılığında mövcud tariflərin sabit qalmasına razılaşıb. Bu isə qısamüddətli olaraq Avropa ixracatçılarının müəyyən təhlükəsizlik zonasında fəaliyyət göstərməsinə imkan yaradır”.

Züriyə Qarayeva: Tərəflər struktur islahatlara getməzsə, belə qarşıdurmalar davam edəcək

Z.Qarayeva hesab edir ki, bu razılaşma Aİ-ni ABŞ-nin “iqtisadi müharibə”sindən tam şəkildə sığortalamayacaq. Dediyinə görə, ABŞ-nin iqtisadi siyasəti olduqca dəyişkən və şəxsiyyət mərkəzlidir:

“Trampın bəyan etdiyi kimi, 15 faizdən aşağı tariflərə getməmək niyyəti, hər an yeni iqtisadi təzyiq vasitələrinin işə salına biləcəyini göstərir. Bu baxımdan, razılaşma Aİ-ni iqtisadi müharibədən tam sığortalamır, sadəcə mövcud riskləri müəyyən qədər azaldır”.

Həmsöhbətimizin fikrincə, əgər Trampın mövcud siyasəti davam etdikcə, tərəflər struktur islahatlara getməzsə, belə qarşıdurmalar davam edəcək:

“Çünki tərəflər arasında əsas məsələ tariflər deyil, iqtisadi hegemonluq uğrunda mübarizədir. İqtisadi maraqların toqquşduğu bir mühitdə isə razılaşmalar ancaq müvəqqəti sabitlik yarada bilər”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

30 Iyul 2025