• Bakı C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Hər şey yaxşı olmadı - Aktau qəzasından bir il ötür…

CƏMİYYƏT

25 Dekabr 2025 | 16:49

Hər şey yaxşı olmadı - Aktau qəzasından bir il ötür…

Bir il uzun vaxtdır. Bir ilə ölkələrdə hökumətlər dəyişir, müharibələr sona çata bilir, bir ilin içində insan yeni iş tapır, başqa şəhərə köçür. Qanunlar qəbul olunur, qərarlar ləğv edilir, kimi doğulur, kimi ölür. Bir il, adətən, dəyişikliklərin ölçü vahididir.

Elə hadisələr var ki, ölçüyə sığmır. Bu zaman təqvimdə dəyişən rəqəmlər onların ağırlığını sadəcə artırır. Aktau qəzası da məhz belə faciədir. Çünki bu, bir ilin içində nə baş verməsindən asılı olmayaraq, həmin gün yarımçıq qalan həyatların taleyi dəyişməyib. 

“Hər şey yaxşı olacaq”, - səsi heç zaman yaddaşlardan silinməyəcək. Çünki o cümlə sağ qalmaq vədindən çox, bir dua idi. 

Bir il ötür. Həmin səs hələ də susmayıb. O cümlə bu gün daha ağır səslənir. Çünki hər şey yaxşı olmadı.

Evə qayıtmayanlar, bir daha zəng etməyənlər, cavabsız qalan mesajlar… Statistikaya çevrilən talelər.

Biz adətən belə hadisələrdə həmin an çox sarsılırıq. Sosial şəbəkələr dolur, statuslar yazılır. Sonra isə həyat davam edir. Amma davam edən həyatın içində dayanan vaxtlar var. Aktau qəzası, vəfat edənlərin ömrü həmin dayanan anlardandır.

Bir il ərzində minlərlə xəbər oxuduq, onlarla faciə gördük. Ancaq bəzi faciələri iliyinə kimi hiss etmək üçün heç də içində olmağa gərək olmur.

Aktau qəzası bütün Azərbaycanın içində olduğu qəzadır.

Bu yazı xatırlamaq üçündür. Çünki unutmaq bəzən ikinci itkiyə çevrilir.

Zaman hər şeyi sağaltmır. Bəzi ağrıları sadəcə yaşamaq üçün öyrənirik.

Hadisə yaşanan ildən ömürlərinin sonuna qədər həlak olan şəxslərin ailələri Yeni İlin gəlişini qəlbən özlərinə matəm edəcəklər.

Aktau qəzasından bir il ötür. Bəzi tarixlər isə təqvimdən silinmir. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR