Səhər-səhər enirəm otağımdan resepsiona və otelin elemanı olan qızdan soruşuram… Olanlar bundan sonra olur – burda bir az proloq vermək lazım gələcək… Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn parlaq, ya da solğun rənglər içində yaşatdıqlarının nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Yəqin əsas sual budu – kimlər?
Və hər dəfə bir mərhələdən o birinə qədəm qoyanda, özünə verdiyin sözü tuta bilməyəndə, həyatına yeni-yeni insanlar daxil olanda bu çək-çevirin içində dörd istiqamətə baxa-baxa düşünürsən – qurulanlar dağılır, bəs, kimlər bu viranənin altından salamat çıxacaq? Sən özün qərar verəcəksən ömür adlanan bu zəlzələnin sonrakı yaşamzədələri kim olacaq deyə... Bəzən itirdiklərinə təəssüf, bəzən də oxqay hissi ilə. Amma yeniliklərin qarşısını ala bilmərik... Gələn gələcək, olan olacaq...
Sovet dövründə doğulub-böyüyən insanlar o dövrün həm bolluq, həm də qıtlıq mənzərələrini xatırlayırlar. Bir də görürdün yağ yoxa çıxırdı, çay-qənd yoxa çıxırdı… Ət yoxa çıxırdı… Zaman-zaman belə qeybə çıxmalar çoxalırdı… Həəə, yoxa çıxan ərzaqları küçədə, dükanların qarşısında növbəyə durub gözləyən adamlara satırdılar…
Bir dəfə anam evə dəmir qutuda pendir alıb gətirdi. Arıq uşaq idim,yeməklə heç aram yox idi. Amma bu pendiri həvəslə yedim… Anam dedi bolqar pendiridi… Yadımda qaldı. Sonradan ordan gələn toyuqları da (yəni yeməyə) sevdim. Kənddən gələn heç nəyi sevmirdim. Sonralar yemək zövqüm, damaq zövqüm çox dəyişsə də bolqar pendirinə olan sevgim heç azalmadı.
Vəziyyət dəyişdi, sovet dağıldı, bolqarlar pendir ya satmadılar, ya ruslar almadılar – bilmirəm. Sonuncu dəfə 1992-ci ildə yemişdim, vəssalam. Amma mən bu pendirin dadını unutmadım. Əslində bu qüdrətli sovetin niyə özünün ərzaqları yox idi ki??? Ritorik sualdı təbii… Birinci şərt… Birincisi, sonuncusu yoxdu… İdeoloji dəmir intizamın içində xaos vardı…Sovet ancaq silah yaratmaqla məşğul idi – onu da vəhşicəsinə yaradırdı…Yaratdığı hər nədisə vəhşi alınırdı…
Həə, resepsiondakı qızla söhbətim yarımçıq qaldı axı – soruşdum ki, sizdə burda, marketlərdə bulqar peyniri bulunurmu?
Soruşmağına soruşdum da, amma peşman da oldum. Qızın üzünü görmək lazım idi, mən “bulqar” sözün işlədəndə…
- Abla, bulqarmı? Nədən bulqar? Bizdə burda o kadar iyi peynirlər də var ki… Ben söyləyəlim…
Və başlanır pendir çeşidlərinin sadalanması…Mən anlada bilməzdim, ya da həvəsim olmadı anlatmağa ki, bu mənim uşaqlıq yaddaşımdı… Nə isə, deyib aralandım qızdan… Siyasi-ideoloji söhbətlərə qulaq asmağa həvəsim olmadı. Yorulmuşam həmin söhbətlərdən… 80-də Bolqarıstandan qovulan türklərin dərdin çəkirdik, rus təbliğatına qulaq asırdıq. Naim Süleymanoğlunun Naum Şalamanov olmağına…İndi də burda dərs keçirlər…
Yazını yazanda xatırladım, məktəbdə oxuyanda bolqar məktəblilərinin Bakıda konsert verməyini… O vaxtkı Yaşıl Teatrda olmuşdu… Sentyabr ayında… Bizi də aparmışdılar. Biser Kirovun Bakiya gəlməyini xatırlayıram…
Gör ha, bir ərzaq həm də siyasəti xatırlada bilərmiş…