• Bakı 27° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Əliyev və Paşinyan Çində görüşdü: Cənubi Qafqazda sülh imkanları artır

SİYASƏT

01 Sentyabr 2025 | 17:03

Əliyev və Paşinyan Çində görüşdü: Cənubi Qafqazda sülh imkanları artır

Azərbaycan Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində görüşməsi, Cənubi Qafqazda sülh və regional sabitliyin təmin edilməsində yalnız həmin ölkələrin deyil, həmçinin regional və qlobal güc mərkəzlərinin maraqlarının əhəmiyyətini bir daha ortaya qoydu. Görüş, bölgədə geosiyasi tarazlığın qorunması, qarşılıqlı etimadın artırılması və iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması baxımından vacib hesab edilir.

Xüsusilə Şərqdən gələn təsirlər, o cümlədən Çinin bölgədəki rolu, Cənubi Qafqazın yalnız enerji və nəqliyyat layihələri baxımından deyil, eyni zamanda qlobal iqtisadi və siyasi balansın qorunması baxımından strateji əhəmiyyət daşıdığını göstərir. Bu sammit çərçivəsində baş tutan görüş, həm regionda, həm də beynəlxalq səviyyədə sülhün və əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanların açılmasını simvolizə edir.

Mövzunu Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində görüşməsi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında yalnız Azərbaycan və Ermənistanın, eləcə də regional ölkələrin deyil, həmçinin Şərq ölkələrinin, xüsusilə Çinin rolunun da əhəmiyyətli olduğunu bir daha göstərdi. 

Deputatın sözlərinə görə, Çin yalnız qlobal iqtisadi maraqları çərçivəsində deyil, həmçinin nəqliyyat-logistika layihələrinin təhlükəsizliyini təmin etmək baxımından Cənubi Qafqazda sabitliyin vacib olmasını prioritet hesab edir. “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Orta dəhlizin təhlükəsizliyini qorumaq və bölgəyə sərmayə qoymaq Çin üçün strateji əhəmiyyət daşıyır. Arzu Nağıyev qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin aradan qalxması və sabitliyin təmin olunması bu məqsədin reallaşması üçün əsas şərtdir:

"Çin tərəflərə təzyiq göstərməkdən çox yumşaq güc vasitəsilə siyasi sabitliyi qorumağa çalışır və bu prosesdə qlobal oyunçu olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü kimi çıxış edir. Bu, həm Azərbaycanın, həm də Ermənistanın öz siyasətlərini həyata keçirməsi üçün geniş imkanlar yaradır".

Arzu Nağıyev: Görüşün strateji və siyasi əhəmiyyəti, həm regiondakı ölkələr, həm də qlobal oyunçular üçün mühüm mesajlar daşıyır

Onun sözlərinə görə, görüşün önəmi həm də ondan ibarətdir ki, Cənubi Qafqaz regionu yalnız Azərbaycan və Ermənistan arasında deyil, həm də bölgədəki enerji, nəqliyyat və iqtisadi layihələrin təhlükəsizliyinə birbaşa təsir edən strateji məkandır. Bu baxımdan beynəlxalq aktorların maraqları, xüsusilə Şərq ölkələrinin diqqəti regionun siyasi və iqtisadi sabitliyinin təmin olunmasında vacib rol oynayır:

"Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində baş tutan görüş, tərəflər arasında dialoqun möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın artırılması üçün yeni bir platforma yaratmış olur. Eyni zamanda, bu görüş Cənubi Qafqazda münaqişələrin həlli, regional əməkdaşlığın genişləndirilməsi və qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi baxımından önəmli bir siqnal kimi qiymətləndirilir".

Deputat vurğulayıb ki, belə bir kontekstdə görüşün strateji və siyasi əhəmiyyəti, həm regiondakı ölkələr, həm də qlobal oyunçular üçün mühüm mesajlar daşıyır. Azərbaycanın və Ermənistanın liderləri arasında aparılan dialoq, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımların davamlılığını göstərir və Cənubi Qafqazın geosiyasi əhəmiyyətini bir daha ön plana çıxarır.

Əli Hüseynov


SON XƏBƏRLƏR