Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pekinə rəsmi səfəri son illərdə regional və qlobal siyasətdə mühüm aktora çevrilmiş Azərbaycanla dünyanın aparıcı iqtisadi güclərindən biri olan Çin arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Səfər yalnız iki ölkə arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, eyni zamanda enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat-logistika və regional sabitlik sahələrində perspektivli əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Çin Xalq Respublikası, Asiya-Sakit okean regionunda və qlobal səviyyədə öz mövqeyini daha da gücləndirməkdədir. Belə bir şəraitdə Azərbaycanın bu ölkə ilə əlaqələri təkcə ikitərəfli maraqlara deyil, həm də daha geniş geosiyasi kontekstdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına əsaslanır. Prezident İlham Əliyevin səfəri məhz bu baxımdan strateji önəm daşıyır – səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər və əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan-Çin münasibətləri yeni bir mərhələyə qədəm qoyur.
Səfər zamanı gündəmə gətirilən məsələlər, xüsusilə yaşıl enerji texnologiyaları sahəsində əməkdaşlıq, Orta Dəhliz və nəqliyyat infrastrukturlarının birgə inkişafı, eləcə də Türk Dövlətləri Təşkilatının Çinlə münasibətləri kontekstində Azərbaycanın rolu, bu münasibətlərin gələcək konturlarını müəyyən etmiş oldu. Səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız enerji ölkəsi deyil, həm də regionda sabitlik, əməkdaşlıq və tərəfdaşlıq modelini uğurla təklif edən mühüm bir aktordur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanla Çin arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə bir sıra mühüm məsələlər müzakirə olunub:
"Əsas diqqət “Yaşıl enerji” sahəsində əməkdaşlığa yönəldilib. Azərbaycan Çin texnologiyalarından istifadə edərək bərpa olunan enerji layihələrinin həyata keçirilməsində maraqlıdır. Xüsusilə külək və günəş enerjisi sahəsində Çin şirkətlərinin təcrübəsi ölkəmiz üçün əhəmiyyətlidir və bu istiqamətdə konkret razılaşmalar əldə olunub. Çin, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə yüksək qiymət verir və ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycan da öz növbəsində Çinlə münasibətlərə böyük önəm verir və əməkdaşlığın geniş spektr üzrə inkişafında maraqlıdır".
Tofiq Zülfüqarov: Azərbaycan-Çin əməkdaşlığı yalnız enerji və texnologiya sahələri ilə məhdudlaşmır
Onun sözlərinə görə, səfər zamanı Türk Dövlətləri Təşkilatının və Orta Asiya regionunun Çinlə əməkdaşlığında Azərbaycanın rolu müzakirə olunmuşdur. Çinlə 5+1 formatında əməkdaşlıq regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu proseslərdə fəal iştirak edir və təşəbbüsləri ilə fərqlənir:
"Bununla yanaşı, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi layihələr Azərbaycanın geostrateji mövqeyini gücləndirir və Çin üçün əhəmiyyətli marşrut alternativi yaradır. Nəticə etibarilə, Azərbaycan-Çin əməkdaşlığı yalnız enerji və texnologiya sahələri ilə məhdudlaşmır, həm də qlobal əhəmiyyət daşıyan nəqliyyat layihələri vasitəsilə regional iqtisadi inteqrasiyanı və ticarət əlaqələrini gücləndirir".
Son olaraq Tofiq Zülfüqarov diqqətə çatdırıb ki, İlham Əliyevin Çinə rəsmi səfəri, Azərbaycan-Çin münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Bu səfər yalnız ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından deyil, həm də qlobal və regional proseslərdə Azərbaycanın rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Beləliklə, bu səfər Azərbaycanın həm Şərq, həm də Qərb ilə qurduğu strateji əlaqələrin möhkəm əsaslara söykəndiyini və ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyən önəmli siyasi hadisə oldu.
Əli Hüseynov