Bu gün gənclərimizin psixoloji vəziyyəti aktual məsələlərdən biridir. Xüsusən də informasiya yükünün çoxluğu, sosial şəbəkə təzyiqi və yeni nəsil tənhalığı gənclər arasında ən çox rast gəlinən hallardandır.
Gənc nəslin psixoloji vəziyyətinin qorunması metodları ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova Bakıvaxtı.az-a danışıb.
Onun sözlərinə görə, hazırkı dövrdə gənc nəslin psixoloji durumunu dəyərləndirərkən bir çox sosial, texnoloji və mədəni amilləri nəzərə almaq lazımdır. Müsahibimiz bildirib ki, rəqəmsal texnologiyaların geniş yayılması gənclərə daha çox bilik və informasiya əldə etmək imkanı verir. Müasir gənclər daha açıq fikirli, yeniliyə meyilli və adaptasiya qabiliyyətlidirlər. Sosial şəbəkələr vasitəsilə gənclər ictimai məsələlərdə daha çox iştirak edir, öz fikirlərini ifadə edə bilirlər.
“Sosial şəbəkələrə meylin artması və internetin həyatın ayrılmaz bir hissəsinə çevrilməsi gənclərin psixoloji inkişafına necə təsir edir” sualına cavab verən L.Qurbanova bildirib ki, internet istifadəçiləri virtual məkanda bir sıra maraqlarını, məqsədlərini, tələbatlarını ödəməyə çalışır, yeni-yeni sosial fəallıq formaları yaradırlar:
“Müasir televiziyalar, mobil telefonlar vasitəsilə də internetə daxil olmaq mümkündür, artıq insanlar bir-birinə zəng etməkdənsə, "whatsapp" xidmətlərindən istifadə etməklə virtual ünsiyyətə üstünlük verirlər: danışanda bir-birini görür, bir-birinə səsli məlumatlar, videolar və s. göndərə bilirlər. İnsanın şəxsiyyət kimi formalaşmasında, qarşılıqlı əməkdaşlığa daxil olmasında və digər vacib həyati fəaliyyətində ünsiyyətin rolu böyükdür. İnsan sözünün kökü də ünsiyyət sözü (ərəbcə “üns”) ilə qohumluq əlaqəsinə malikdir”.
Həmsöhbətimiz deyib ki, real ünsiyyətə daxil olmaq insandan müəyyən əmək tələb edir: danışan zaman səs tonu, mimikalar, emosiya və s. duruma cavab verməlidir. Dediyinə görə, lakin internetin təqdim etdiyi virtual ünsiyyətdə bu gərginliyə ehtiyac yoxdur:
“İnternet xidmətləri o qədər rəngarəngdir ki, ondan çox istifadə edən də peşman olur, heç istifadə etməyən də... Müasir texnologiyalar çox mühüm əhəmiyyət kəsb edən üstünlüklərlə yanaşı, neqativ təzahürlər də yaradır. Belə bir şəraitdə insanlarda internetlə davranış problemləri meydana çıxır: insanlar elektron vasitələrdən get-gedə asılı vəziyyətə düşürlər. Bu halı mütəxəssislər addiktiv davranışlar qrupuna aid edirlər”.

Lamiyə Qurbanova: Real ünsiyyətə daxil olmaq insandan müəyyən əmək tələb edir
L.Qurbanova gəncləri sosial şəbəkə təzyiqinin mənfi təsirlərindən necə qorumağın yollarından da danışıb. Onun sözlərinə görə, bu təsirlərin qarşısını bir neçə yolla almaq mümkündür:
“Real həyatda mənəvi tələbatın ödənilməsinə xidmət edəcək maraqlı əyləncələr və məşğuliyyət tapmaq, internetə meyillənmə səbəbini tapmaq və onu aradan qaldırmaq, internet asılılığını problem kimi qəbul etmək və bu problemə düşməmək lazımdır. Eyni zamanda yaxın və sevimli insanlarla ünsiyyətə geniş yer vermək, gündəlik iş qrafikini tərtib etmək, uşaqların asudə vaxtlarını daha səmərəli keçirmək üçün maraqlı gəzintilərə, əyləncələrə üstünlük vermək, internet asılılığının aradan qaldırılmasına dair mütəxəssislər tərəfindən aparılmış tədqiqatların nəticələrini özündə əks etdirən tövsiyə vəsaitlərinin, bukletlərin, maarifləndirici vasitələrin əhali arasında yayılması prosesinin lazımi qurumlar tərəfindən həyata keçirilməsi əhəmiyyətlidir”.
Gülşən Şərif
Bakı 



