• Bakı 16° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

İran-İsrail gərginliyi: Baş verənlərin Azərbaycana hansı təsiri ola bilər?

SİYASƏT

15 Aprel 2024 | 16:34

İran-İsrail gərginliyi: Baş verənlərin Azərbaycana hansı təsiri ola bilər?

İranın İsrailə dron və raketlə hücum etməsindən region ölkələri də narahat olub. İki dövlət arasında baş verən gərginliyin hər an digər dövlətlərə sıçrama ehtimalı belə insanları qorxuya salır.

İran və İsrail arasında baş verən gərginliyin gedişatı necə olacaq? Baş verənlərin Azərbaycana da hər hansı təsirləri ola bilərmi?

Deputat Arzu Nağıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İranla İsrail arasında olan gərginlik öz pik nöqtəsnə çatıb. Onun sözlərinə görə, əsas səbəb Suriya ərazisində fəaliyyət göstərən İran konsulluğuna qarşı İsrail tərəfindən atılan raket və nəticədə həlak olan insanlardır:

“İran daim həm HƏMAS-ı, həm də “Hizbullah”ı dəstəkləyən, İsrailə qarşı atılan addımlarda kömək göstərən dövlətlərdən biridir. İsrail hadisə ilə bağlı İrana qarşı ballistik raket və pilotsuz uçan aparatlardan istifadə etdi. Düşünürəm ki, ciddi nəticə də əldə edə bilmədi. Lakin ABŞ, Böyük Britaniya və digərləri İsrailə cavab atəşi açmamaqla bağlı müraciət etdi və müəyyən tövsiyələr verdi. Bunun sonunun nə ilə nəticələnəcəyi hələ sual altındadır”.

Deputat qeyd edib ki, bu hadisədən əvvəl hər iki tərəf təhlükəsizlik baxımdan hava məkanlarının bağlanması ilə bağlı həm region ölkələrə, həm də digər dövlətlərə müraciət etmişdi:

“Buna baxmayaraq, ərəb dövlətləri də daxil olmaqla bəzi ölkələr hava məkanları açıq saxladı. ABŞ və Böyük Britaniyanın hava hücumundan müdafiə qüvvələri İranın raketlərini sıradan çıxardı”.

Qonşu dövlətlərə gəldikdə isə, müsahibimiz qeyd edib ki, burda hərənin öz marağı var, təhlükəsizlik baxımdan öz işlərini görürlər:

“Azərbaycana gəldikdə isə dəfələrlə bəyan etmişik ki, istər Azərbaycanın hava məkanı, istərsə də quru strateji əhəmiyyətli hava limanları olsun və s. bunlardan heç vaxt qonşulara qarşı istifadə olunmayacaq. Bu məqam, həm də İrana aiddir”.

Arzu Nağıyev: Azərbaycanın hava məkanından heç vaxt qonşulara qarşı istifadə olunmayacaq

A.Nağıyev vurğulayıb ki, İsrail və İran arasında gedən müharibəyə baxmayaraq, Azərbaycan birmənalı şəkildə hər iki dövlətin ərazi bütövlüyünü dəstəkləyir:

“Burda həm dostluq əlaqələrimiz olan İsrail, həm də qonşu dövlətimiz İran var. Heç vaxt hava məkanı və ya quru limanlardan istifadə üçün imkan verilməyib və verilməyəcək. Məlumdur ki, orada çoxsaylı azərbaycanlılar yaşayır İrana qarşı hər hansı bir addım atılsa, azərbaycanlıların sərhədi keçərək bura gəlmə ehtimalı la bilər. Hələ ki, hər hansı problem yaşanmır. Düşünürəm ki, belə böyük dövlətlərin İrana etdiyi müraciətlərlə bağlı problem öz həllini tapacaq. Əvvəllər də belə hadisələr olub. İran generalı Qasım Süleymaninin həlak olmasından sonra İran qisas almaq əməliyyatı həyata keçirib. Bununla da öz işlərini bitirmiş hesab etmişdilər. Hər hansı təsir olsa belə Azərbaycan öz məkanının İrana və ya digər dövlətlərə qarşı istifadə edilməsinə icazə verməyəcək”.

Aytac Aslan


SON XƏBƏRLƏR

29 Aprel 2024