“Bir neçə gün öncə, mayın 5-də dövlət başçısı tərəfindən təməli qoyulan Priəhmədli və Dədəli kəndlərinin şəhərsalma əsaslandırılması artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunub. Hər iki kəndin tikintisinə bu ilin oktyabrında başlanılması planlaşdırılır. Pirəhmədliyə Musabəyli və Mandılı kəndləri, Dədəliyə isə İşıqlı kəndi birləşdiriləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

O qeyd edib ki, 17 oktyabr 2021-ci ildə Prezident tərəfindən təməli qoyulmuş Füzulinin ilk ağıllı kəndi - Dövlətyarlının tikintisinə təxminən 2 ildən sonra bu ilin avqustunda başlanılması planlaşdırılır: “Kəndə Qıyıqçı, Zərgər və Qaraməmmədli kəndləri birləşdiriləcək.
2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin – Qarğabazar (Sərdarlı, Yal Pirəhmədli), Cuvarlı (Xələfşə, Çimən), Qoçəhmədli (Arış, Xatınbulaq, Mollavəli), Qarakollu (Gorazıllı, Qaradağlı, Yuxarı Rəfədinli, Aşağı Güzlək, Aşağı Rəfədinli, Yuxarı Güzlək, Saracıq), Qaraxanbəyli (Merdinli), Horadiz (Hüngütlü, Dördçinar) və Mirzəcamallı (Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu) kəndlərinin layihələndirilməsi nəzərdə tutulur. Bu kəndlərin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır”.
Rəsmi məlumata görə, hazırda Füzulidə 24 binada tikinti işləri başlayıb, 14 bina isə tender mərhələsindədir. Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı kəndləri Füzuli şəhərinə birləşdiriləcək.
Qeyd edək ki, mötərizədəki kəndlər ləğv olunaraq digərlərinə birləşdirilən yaşayış məntəqələridir.
Ramid İbrahimov
















