Bəzi ixtisaslar var ki, abituriyentlər arasında onlara təlabat olsa da, əmək bazarında onlara ehtiyac olmur. Bəzi ixtisasların isə gələcəkləri parlaq görünmür.
Azərbaycanda hansı ixtisasları bitirəndən sonra iş tapmaqda çətinlik yarana bilər?
Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin sözlərinə görə, bir çox ixtisaslar var ki, onların gələcək taleyi sual altındadır və onlar əsasən ictimai-siyasi istiqamətə aid olan ixtisaslardır.
Ədəbiyyatı çox sevdiyini, filoloji təfəkkürün onun üçün hər şey ifadə etdiyini vurğulayan E.Nuri məsələyə real və iş dünyasının tələbləri əsasında baxmağın əsas olduğunu qeyd edib. İzah edib ki, əgər filologiyanı bitirən şəxslərə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləmək şansı verilməsə, bu istiqamətdə çox sayda işsizlər cəmiyyəti yarana bilər ki, bu isə yaxşı hal deyil:
“Bizə alim, mütəxəssis kimi bəlli sayda filoloq lazımdır. Buna kimsə etiraz etmir. Amma ölkənin bir neçə universitetində biz 300-ə yaxın filoloq kadr qəbul edirik. 4 il sonra 300-ə yaxın filoloq kadr işçi qüvvəsi kimi cəmiyyətə daxil olacaq. Əgər onların müəllim kimi işləməsinə icazə verilməsə (belə bir qayda çıxarılsa ki, pedeqoji faəliyyətdə ancaq pedaqoji əsaslarla bitirənlər işləyə bilər, yəni filologiya ixtisasını yox, yalnız Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirənlər) o zaman nə olacaq? Biz yalnız diplom xatirinə, ali təhsilimiz olsun deyə bəzi ixtisasları oxumaqdan əl çəkməliyik. Coğrafiya, kimya, fizika və s. ixtisaslar da buna aiddir”.

Elmin Nuri: Yalnız diplom xatirinə bəzi ixtisasları oxumaqdan əl çəkməliyik
Ekspert bu ixtisasların da vacib olduğunu bildirərək nəzərə çatdırıb ki, o ixtisasları seçənlərin bir çoxu “heç olmasa müəllim işləyərəm” təfəkkürü ilə gəlir.
Həmsöhbətimiz həmçinin bu il 400-ə yaxın muzey, arxiv işi, abidələrin qorunması ixtisası üzrə plan yerinin ayrıldığını söyləyib. Dediyinə görə, bizə bu ixtisaslarda çalışanlar lazım olsa da, bunun 400-500 arası olmasına ehtiyac yoxdur.
Mədəniyyətşünaslıq, kulturologiya, sənətşünaslıq kimi ixtisaslardan da danışan müsahibimiz bu ixtisasların “ölməsə də” onlara tələbatın ildən-ilə azalacağını diqqətə çatdırıb:
“Azərbaycan Texniki Universitetində, Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elə ixtisaslar var ki, əmin olun, onların gələcəyi o qədər də parlaq görünmür. Onlar başqa formada işlənməlidir, əks halda ümumiyyətlə yoxa çıxacaqlar. Düzdür, tam yoxa çıxacağına inanmıram. Məsələn, cihaz mütəxəssisliyi, polimer-materiallar mütəxəssisliyi, sənaye mühəndisliyi kimi ixtisaslar təbii ki, yox olmayacaq. Sadəcə bunların formasiyaları dəyişməlidir. Dəyişilməsə, əmək bazarı üçün bunlar lazımsız olacaq”.
Mina Mikayılova
















