• Bakı 25° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Kazan görüşü yeni regional razılaşmaların anonsudur?

DÜNYA

17 Iyun 2026 | 14:10

Kazan görüşü yeni regional razılaşmaların anonsudur?

Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüş Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatları, Yaxın Şərqdə artan gərginlik, eləcə də Cənubi Qafqazda davam edən geosiyasi dəyişikliklər fonunda baş tutur.

Son illərdə Ankara və Moskva rəqabət və əməkdaşlığı paralel şəkildə idarə etməyə çalışan iki mühüm regional güc kimi çıxış edirlər. Bu baxımdan Hakan Fidanın Kazana səfəri və Putinlə birbaşa görüşü sıradan diplomatik təmasdan daha geniş məna daşıyır.

Ekspertlər hesab edirlər ki, görüşdə Ukrayna müharibəsi, Qara dəniz təhlükəsizliyi, enerji əməkdaşlığı, Suriya və Cənubi Qafqazdakı son proseslər əsas müzakirə mövzuları olacaq. Kazan şəhərinin görüş məkanı kimi seçilməsi də ayrıca diqqət çəkir və tərəflərin vermək istədiyi siyasi mesajlar barədə müxtəlif ehtimallar irəli sürülür.

Bu və digər məsələləri Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Putin-Hakan görüşü ilk növbədə Rusiya və Türkiyə arasında strateji dialoqun davam etdiyini göstərir. Dediyinə görə, hazırda hər iki ölkə bir sıra regional böhranların mərkəzində yer alır. Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Cənubi Qafqazdakı proseslər Ankara ilə Moskvanın mütəmadi məsləhətləşmələrini zəruri edir.

Müsahibimiz qeyd edib ki, Hakan Fidan Türkiyə diplomatiyasının ən təsirli simalarından biri hesab olunur və onun səfərləri adətən konkret siyasi məqsədlərlə müşayiət edilir. Bu baxımdan görüşün gündəliyinin kifayət qədər geniş olduğu görünür. Tərəflər bəzi məsələlərdə fərqli mövqelərə malik olsalar da, dialoqun qorunub saxlanılması hər iki paytaxt üçün strateji əhəmiyyət daşıyır.

Politoloq bildirib ki, Cənubi Qafqaz son illərdə həm Türkiyə, həm də Rusiyanın diqqət mərkəzində olan regionlardan biridir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişi ətrafında aparılan müzakirələr də bu kontekstdə xüsusi yer tutur:

“Ankara Azərbaycanın ən yaxın müttəfiqi kimi regiondakı proseslərdə fəal rol oynayır. Moskva isə əvvəlki illərlə müqayisədə zəifləsə də, hələ də müəyyən təsir imkanlarını qoruyur. Buna görə də iki ölkənin yüksək səviyyəli təmasları regionun gələcək siyasi mənzərəsinə təsir göstərə bilər. Xüsusilə kommunikasiya xətləri, təhlükəsizlik məsələləri və regional əməkdaşlıq perspektivləri müzakirələrin diqqət mərkəzində ola bilər”.

Züriyə Qarayeva: Fidanın Kazanda qəbul edilməsi tərəflərin münasibətlərinə əlavə simvolik çalar qazandırır

Həmsöhbətimizin sözlərinə görə, enerji Rusiya-Türkiyə münasibətlərinin əsas sütunlarından biridir. Son illərdə Avropanın enerji bazarında baş verən dəyişikliklər Ankara və Moskvanın əməkdaşlığına yeni məzmun qazandırıb. Türkiyə özünü regional enerji qovşağına çevirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Rusiya isə Avropa bazarında itirdiyi imkanların bir hissəsini alternativ marşrutlar vasitəsilə kompensasiya etməyə çalışır. Z.Qarayeva qeyd edib ki, bu səbəbdən qaz tədarükü, tranzit imkanları və enerji təhlükəsizliyi məsələlərinin görüşdə yer alması kifayət qədər məntiqli görünür. Xüsusilə qlobal enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə bu mövzu tərəflər üçün prioritet istiqamətlərdən biri olaraq qalır.

“Kazanın görüş məkanı kimi seçilməsi diplomatik baxımdan hansı mesajları verir” sualını cavablandıran politoloq bildirib ki, diplomatiyada məkan seçimi bəzən görüşün məzmunu qədər əhəmiyyət daşıyır:

“Kazan Rusiyanın türk və müsəlman dünyası ilə əlaqələrini simvolizə edən şəhərlərdən biridir. Tatarıstanın paytaxtı olan bu şəhər uzun illərdir Moskvanın türk dövlətləri ilə münasibətlərində mühüm platforma rolunu oynayır. Hakan Fidanın məhz burada qəbul edilməsi tərəflərin münasibətlərinə əlavə simvolik çalar qazandırır”.

“Bu seçim həm Türkiyəyə, həm də daha geniş mənada türk dünyasına yönəlmiş mesaj kimi qiymətləndirilə bilər. Eyni zamanda Moskva göstərmək istəyir ki, Türkiyə ilə dialoq yalnız ikitərəfli münasibətlər deyil, daha geniş geosiyasi və sivilizasiya müstəvisində də əhəmiyyət kəsb edir”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026