• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Kənd təsərrüfatının problemləri: Məmurların bu sektorda yaratdığı biznesin iqtisadiyyata faydası yoxdur

CƏMİYYƏT

29 Aprel 2024 | 10:00

Kənd təsərrüfatının problemləri: Məmurların bu sektorda yaratdığı biznesin iqtisadiyyata faydası yoxdur

"Məmurların kənd təsərrüfatı sektorunda yaratdığı biznesin ölkə iqtisadiyyatına faydası yoxdur".

Bu sözləri kənd təsərrüfatı ilə bağlı vəziyyəti dəyərləndirən Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin kənd təsərrüfatında əsas problemlərdən biri su ilə bağlıdır. Əksər ərazilərdə su çatışmazlığı bitkilərin məhvinə və məhsuldarlığın olmamasına yol açır:

"Ötən il təxminən 1 milyon 58 min hektar ərazidə taxıl əkini həyata keçirilmişdi. Lakin 125 min hektar ərazidən 1 kiloqram belə məhsul əldə olunmadı. Ümumilikdə 2019-ci illə müqayisədə ötən il 380 min tondan az taxıl istehsal olunub. Torpaqların suvarılma üsulu ilə təmin olunmaması bu cür zərərlə üzləşməyə yol açır".

Ekspert bildirib ki, heyvandarlıq sahəsində də ciddi problemlər var. Hər zaman heyvandarlıqla məşğul olan Azərbaycan bu gün özünün ətə olan tələbatını ödəyə bilmir.

"Ötən ilin 10 ayı ərzində ölkəyə 96 milyon dollar dəyərində diri heyvanlar gətirilib. Eyni zamanda dondurulmuş ət idxalı üçün ölkədən 200 milyon dollar vəsait çıxarılıb. Halbuki bu vəsait yerli fermerlərimizə sərf edilməklə, onların biznesini inkişaf etdirə bilərdi. Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi üçün heç bir problem yoxdur. Sadəcə olaraq idarəetmədə nöqsanlar var", - deyə V.Məhərrəmli qeyd edib.

Bəs kənd təsərrüfatı sahəsini necə inkişaf etdirmək olar?

Vahid Məhərrəmli: Kənd təsərrüfatının inkişafı üçün əsaslı işlər görülməlidir

Bu gün Kənd Təsərrüfatı Nazirliyində mütəxəssisin olmadığını vurğulayan ekspertə görə, yeni kənd təsərrüfatı nazirinin də fəaliyyəti ürəkaçan deyil:

"Yeni nazirin hələ də hansısa bir yenilik etməsi müşahidə olunmur. Yəni ortaya qanunla və ya dövlət proqramı ilə bağlı hər hansısa sənəd qoymayıb. Əvvəlki nazir də 5 illik fəaliyyəti dövründə heç bir iş görməmişdi. Təəssüf ki, indiki nazirin də gələcəkdə hansısa iş görəcəyinə ümid yoxdur. Çünki bu sahədən çox uzaq olan bir adamdır. Halbuki kənd təsərrüfatının inkişafı üçün əsaslı işlər görülməlidir. Bu sahənin inkişafı üçün suvarma suyuna olan tələbat təmin olunmalı, möhkəmlənmiş yem bazası yaradılmalı, məhsuldarlıq artırılmalı və peşəkar kadrlar yetişdirilməlidir. Eyni zamanda torpaqların münbitləşdirilməsi ilə yanaşı, fermerlər üçün əlverişli şərait yaradılmalıdır".

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 May 2024