ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutan tədbirə Kolumbiya Universitetinin azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Ayova, Corciya və
digər ştatlardan gələn tələbələr qatılıb.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAYF-nin sədri Leyla Aslanova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, birliyimizin və həmrəyliyimizin millətimizi daha da gücləndirdiyini vurğulayıb.
AAYF-nin idarə heyətinin üzvü Fərid Axundov qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olduqlarını bildirib və yaralananlara Allahdan şəfa diləyib.
Tədbirdə iştirakçılar öz təcrübələrini paylaşaraq, bir-biri ilə tanış olmaq imkanı qazanıblar.
İnteraktiv hissədə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı viktorina keçirilib. İlk üç yeri tutan qaliblər mükafatlandırılıb.
Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.