Xəbər verdiyimiz kimi, Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qızın toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları dərhal şadlıq sarayına gedərək qanunvericiliyə uyğun tədbirlər görüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Bakıvaxtı.az-a bildirib ki, bəyin 32, gəlinin isə 17 yaşı var. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb və erkən evliliyin qanunla qadağan olunduğu izah edilib. Məclisin keçirilməsi təxirə salınıb.
Valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan şadlıq sarayının sahibi isə 1500 manat cərimə olunub.
T.Mərdanoğlu əlavə edib ki, Zərdab rayonunda “Natiq” şadlıq sarayında erkən evlilik cəhdinə dair məlumat daxil olduğu kimi, aidiyyatı qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Əli Hüseynov