Cənubi Koreyada qayayadırmanma üzrə Asiya çempionatının final mərhələsinə hicabsız qatılan iranlı qaya alpinisti Elnaz Rekabinin yarışdan sonra erkən getdiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, Rekabinin bu addımı 22 yaşlı Mahsa Amininin öldürülməsinə etiraz olaraq keçirilən aksiyalara dəstək üçün atdığı təxmin edilir. Fars xəbər saytları Rekabinin getməyə məcbur edildiyini və İranda həbs oluna biləcəyini yazıb. Amma Tehran bu ittihamları rədd edib.
İranın Cənubi Koreyadakı səfirliyi bildirib ki, Rekabi komandanın digər üzvləri ilə birlikdə çərşənbə axşamı səhər təyyarə ilə Seuldan ayrılıb. "BBC Fars" xidməti anonim mənbəyə istinadən bildirib ki, İran hakimiyyəti Rekabinin mobil telefonunu və pasportunu müsadirə edib.
Iran Wire isə Rekabinin planlaşdırılandan bir gün əvvəl getməsinin səbəbinin ölkəyə dönərkən hava limanında baş verə biləcək etirazların qarşısını almaq olduğunu bildirib.
Federasiya rəsmiləri bildiriblər ki, Rekabi bir həftə davam edən tədbirin əvvəlki hissələrində baş örtüyü ilə mübarizə aparıb və yalnız final mərhələsində baş bandı taxıb.
"Euronews türkcə"də yer alan xəbərə görə, rəsmilər yarışma qaydalarında qadınların hicab taxıb-baxmaması ilə bağlı heç bir maddənin olmadığını, Rekabinin bu qərarının ancaq gələn suallardan sonra diqqət çəkdiyini bildirib.
İranlı idmançı yarışı dördüncü yerdə başa vurub.
Aytac Aslan

















