Kürdəmir rayonunda körpəsi ölü doğulan 32 yaşlı qadının son durumu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunu ki, mayın 29-da 12:30 radələrində 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.
Təcili və təxirəsalınmaz yardımlar edilən pasiyentin vəziyyəti stabilləşib. Pasiyentə stasionar yatış tövsiyə olunsa da o, bundan imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb.
Daha sonra mayın 30-da saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal konsilium keçirilib və hamilə təcili Əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib.
Pasiyent əməliyyatdan sonra Reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir.
***
14:52
Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Bayramova Rüfanə Qorxmaz qızı ötən gün xəstəxananın Doğum şöbəsinə müraciət edib. Həkimlər ona səhhətində hər şeyin qaydasında olduğunu deyib və ailə üzvləri onu evə aparıb.
Bu gün səhər saatlarında qadının halı qəfildən pisləşib və yenidən xəstəxanaya gətirilib. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüb. Əməliyyatdan sonra R.Bayramovanın yaxınlarına körpənin tələf olduğu bildirilib.
Hazırda qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, bu, ananın 5-ci hamiləliyi olub.