• Bakı 11° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

"Laçınım, Laçınım, vətənim mənim!"

LAYİHƏ

19 Dekabr 2023 | 10:30

Laçınım, Laçınım, vətənim mənim!

6.3.7 İşğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış"

Müstəqillik qazandıqdan sonra Azərbaycanın ən böyük uğuru işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Məhz İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, rəşadətini və şücaətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan zəfər yürüşü nəticəsində düşməni əzəli torpaqlarımızdan qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli oldu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu isə illərdir həsrətində olduğumuz “Böyük Qayıdış”a hesablanan böyük prosesdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi "Böyük Qayıdış" Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.

Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Bu ərazidə yeni müəssisə və xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı və emal obyektlərinin icrası bölgədə iqtisadi fəallıq üçün əlverişli imkanlar deməkdir. Bu müəssisələrdə çalışan insanlar, sahibkarlıqla məşğul olanlar istehsal, emal və satış şəbəkəsi qurmaqla həmin ərazinin, Zəngilanın iqtisadi inkişafına və ümumilikdə ölkəmizin iqtisadiyyatına töhfə verəcəklər. “Qarabağ və Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensila malikdir. Bu ərazilərdə müasir sənaye komplekslərinin yaradılması işləri start götürüb.

“Böyük Qayıdış” planına uyğun olaraq Laçın şəhərinə də köç prosesi sürətli şəkildə davam edir. Keçmiş məcburi köçkünlər doğma el-obalarına dönürlər. Sevinclərini, xoşbəxtliklərini ifadə edərkən göz yaşlarına hakim kəsilə bilməyən Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edirlər.

31 illik həsrətləri sona çatan Laçın şəhərinin sakinləri öz təəssüratlarını Bakıvaxtı.az-la bölüşüblər. Laçın sakini Zərifə Manafova bu torpaqlara yenidən döndüyünə görə çox xoşbəxt olduğunu deyir: “Laçın şəhərinə qayıtmaq bizim üçün çox gözəl hisdir. Bu hisləri sözlə ifadə etmək qeyri-mümkündür. Biz buraları 31 ildir ki, görmürdük. İndi gəldik, keçirdiyimiz hisləri, düşüncələrimizi heç bir şəkildə ifadə edə bilmirik. Biz bura dönəndə o qədər həyacanlandıq ki, sevincimizdən göz yaşları tökdük. Amma bu göz yaşları əvvəlki kimi kədər göz yaşları deyildi. Buranın vətəndaşı olmaq bizim üçün çox qürurludur. Çox sevinirik. Elə bilin ki, biz 31 ildir xoşbəxt ola bilmirdik. Düzdür, bizim üçün bütün şəraitlər yaradılmışdı. Bununla belə biz qəlbən sevinə, gülə bilmirdik”.

Laçınımızın ağ örpəyə büründüyünü deyən Zərifə xanım xoşbəxtliyinin sözlərə, ifadələrə sığmadığını vurğulayır: “İndi bura o qədər gözəl qar yağıb ki, insan seyr etməkdən doya bilmir. Hava nə qədər soyuq olsa da, laçınlılar indi çöldə, bayırda qarı izləyirlər. Çox xoşbəxtik. Maraqlısı odur ki, qar yağmaqla yanaşı, bir tərəfdən də gün çıxıb. Çox şükürlər olsun ki, biz bu torpaqlara yenə də qayıtdıq. Bu füsunkar torpaqlarda yenidən məskunlaşmaq ən böyük xoşbəxtliyimizdir. Bura gəlməyimizdə biz şəhidlərimizə, qazilərimizə, Ali baş komandanımız, cənab Prezidentimiz İlham Əliyevə borcluyuq”.

Laçın şəhərinə qayıdıb, öz işlərini, həyatını burada davam etdirən Xoşqədəm İlyasova da təəssüratlarını Bakıvaxtı.az-ın əməkdaşı ilə bölüşdü. O, Ali baş komandanımız, cənab İlham Əliyev başda olmaqla, onların bu torpaqlara qayıtmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi: “Doğulub, boya-başa çatdığım torpaqlara, gözəl Laçınımıza 31 ildən sonra dönmək çox gözəl hisdir. Bu xoşbəxtliyi dilə gətirmək, onu ifadə etmək o qədər çətindir ki… Uşaqlığımın keçdiyi bu gözəl yerlər… Və bu yerlərə dönməyin xoşbəxtliyini yaşamaq… İfadə edə bilmirəm. Danışarkən göz yaşlarımı saxlaya bilmirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ali baş komandanımıza Allahdan uzun ömür, cansağlığı arzulayıram. Allah onu qorusun. İlham Əliyev Azərbaycan xalqının xilaskarıdır. Dünəndən qar yağır, hər tərəf ağ örpəyə bürünüb. Bu gözəllikləri görmək mənim üçün yenidən yenidən dünyaya gəlməyə bərabərdir. Allah İlham Əliyevi qorusun. Bizim üçün burada bütün şərait yaradılıb. Dövlətimiz bizə nə lazımdırsa, edib. Qazımız var, işığımız var, yolumuz var. Hər şey çox gözəldir".

Laçın sakini Güladə Tağıyeva deyir ki, onları 1992-ci il may ayında Laçın rayonundan, öz doğma obasından didərgin ediliblər: “31 ildir ki, bu günün həsrəti ilə yaşayırdıq. Bu gün həm kədərliyik, həm sevincliyik. Kədərli olmağımızın səbəbi bu torpaqların azad olunmasında çoxsaylı şəhid verməyimizdir. Qarabağımız onların canı-qanı bahasına alınıb. Başda Ali Baş Komandanımız İlham Əliyev və birinci xanımımız Mehriban Əliyeva olmaqla görünən-görünməyən bütün zabitlərimizə, əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu, onların ailəsinin qarşısında baş əyirəm. Ailələrinə, övladlarına can sağlığı arzu edirəm. Bütün qazi və veteranlarımıza təşəkkür edirəm”.

Biz inanırıq və əminik ki, bütün keçmiş məcburi köçkünlər doğma torpaqlarına tez bir zamanda dönəcəklər.

Babək İdrisov
Yazı Media İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR