• Bakı 16° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var

LAYİHƏ

08 Dekabr 2023 | 14:33

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.

Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır.

Firdovsiyyə Əhmədova: Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova deyib ki, hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir. Onun sözlərinə görə, çünki yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur: “Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilib. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. Bunlar çox qürurverici tarixdir”.

Müsahibimiz orta məktəblərdə tədris olunan tarix dərsliklərindən şikayətlənib: “Biz bu tariximizi, dövlətçilik irsimizi nə dərəcədə beynəlxalq ictimaiyyətə və yaxud da gənc nəslə çatdırırıq, bu, ayrı bir məsələdir. Təbii ki, orta məktəblərdə Azərbaycan tarixi tədris olunur və onun bir istiqaməti də Azərbaycanın dövlətçilik tarixidir. Sadəcə Azərbaycan dövlətçiliyi tarixini və fəlsəfəsini bilmək bir ayrı şeydir. Biri də var onu tədris etmək. Tədrisin keyfiyyətindən asılı olaraq, onu deyə bilərik ki, şagirdlərimiz və ya tələbələrimiz dövlətçilik irsimizə nə dərəcədə yaxından bələd olurlar? Çox təəssüf ki, orta məktəb dərsliklərində çoxlu tarix və şəxsiyyət adları proqrama salınır və şagirdlərin zehni yüklənir. Amma bəzən sadə bilgiləri soruşanda görürük ki, şagirdlər bu barədə məlumatsızdır. Bu, həm məyusedici bir haldır”.

Firdovsiyyə Əhmədova qeyd edib ki, Azərbaycanın son 30 ildən artıq işğal altında olan torpaqlarının azad olunması uğrunda aparılan hərbi-siyasi mübarizədə bizim ən böyük silahımız dövlətçilik tariximizi bilməyimiz olmalıdır və bu sahəyə ciddi önəm verilir.

Rizvan Fikrətoğlu:  Gənclərimiz tariximizə, milli-mənəvi dəyərlərinə dərindən bələd olmalıdır

Təhsil eksperti Rizvan Fikrətoğlu Bakıvaxtı.az-a Azərbaycan tarixinin, elm və mədəniyyətimizin təbliğində təhsil müəssisələrinin, xüsusən də ümumtəhsil məktəblərinin xüsusi rolunun olduğunu bildirir. Onun sözlərinə görə biz vətənpərvər gənc yetişdirmək istəyiriksə, o gənc ölkəmizin tarixinə, milli-mənəvi dəyərlərinə dərindən bələd olmalıdır.

Ekspert aidiyyatı qurumların təhsil müəssələrində vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayır: “Azərbaycan cəmi 44 gün ərzində “böyük Ermənistan ordusu” mifini dağıtmış, düşmən üzərində qələbə qazanaraq işğal altında qalmış torpaqlarını azad etmiş dövlətdir. Bu, elə bir qələbədir ki, dünya hərb məktəblərində Azərbaycan təcrübəsi öyrənilməyə başlayıb. Bu aspektdə, məktəblərdə təbliğatın forması da dəyişmiş olur. Çünki ən yeni  Qələbə tarixi öyrənilir”.

Onun sözlərinə görə, eyni zamanda, dövlət qurumlarının məktəblərdə maarifləndirici tədbirlərin təşkil etməsi, onlar tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması da son zamanlar geniş yayılmış təcrübədir. Bu, olduqca müsbət hal kimi qiymətləndirilməlidir.

Dərsliklərdə olan səhvlərdən də söz salan R.Fikrətoğlu qeyd edir ki, orta məktəblərdə istifadə olunan tarix və digər dərsliklərdəki nöqsanlar da gözdən yayınmır: “Buna tarix dərsliklərində tarixi mahiyyətin kənarda qalması, təsvirlərin ardıcıllığının gözlənilməməsi, hətta yanlış verilməsi, eləcə də ədəbiyyat, Azərbaycan dili dərsliklərində məzmunsuz, məntiqsiz mətnlərin yer alması misal ola bilər. Bu məsələlər də zaman-zaman təhsil işçiləri, ekspertlər tərəfindən tənqid olunur”.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

13 Oktyabr 2024
12 Oktyabr 2024