6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik əsas göstəricilərdəndir. Birmənlı olaraq, deyə bilərik ki, Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir.
Müasir Azərbaycan reallığına baxanda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görürük. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.
Nəzərə almaq lazımdır ki, dövrün gerçəklərini, həqiqətlərini özündə əks etdirən məhz mətbuatdır. Mətbuat sayəsində cəmiyyətimiz cərəyan edən proseslər barədə, həqiqətlər haqda münatəzəm informasiya əldə edir. Elə bu baxımdan da media cəmiyyətin güzgüsü hesab olunur. Qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr, bir sözlə, Kütləvi İnformasiya Vasitələri cəmiyyətin güzgüsü olmaqla, həmin cəmiyyətin mövcud vəziyyətini, mahiyyətini açıb ortaya qoyur. Hətta bəzi məsələlər təhlil olunaraq reallığın nədən ibarət olduğu da mətbuatın köməyi ilə diqqətə çatdırılır. Məhz elə buna görə də fikir, söz, məlumat azadlığı, mətbuat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, yenə də mühafizə edilir, qorunur, eləcə də plüralizmin inkişafı üçün də bütün imkanlar səfərbər edilir, hansı ki, bunu təkzib etmək qətiyyən mümkün deyil, çünki inkişaf, dinamika göz önündədir. Həm də fikir, söz, eləcə də məlumat azadlığı dövlətə inamı formalaşdırır və cəmiyyətimizin vahid mövqedən çıxış etməsi həmin demokratik prinsplərin mövcudluğunu təsdiq edir.
1998-ci il avqustun 6-da Ümummilli liderin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Senzuranın ləğv edilməsindən sonra bu istiqamətdə daha bir mühüm addım atıldı.
1999-cu ildə "KİV haqqında" Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı. 2004-cü ildə "İctimai Televiziya haqqında" qanun qəbul edildi. Hətta o dövrün bir sıra mətbuat və media nümayəndələri də birmənalı qeyd edirlər ki, Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən növbəti uzaqgörən siyasət idi.
Ulu öndərin 6 mart 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı.
Azərbaycan son 30 ildə söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Aydındır ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir. Belə ki, Milli mətbuatın yaranmasının ildönümlərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, media subyektlərinə yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Eyni zamanda Prezident İlham Əliyev media sahəsində islahatların dərinləşdirilməsi məsələsinə də həssas yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Bu gün - yanvarın 12-də yaranmasının 3 illiyini qeyd edən Agentliyin medianın inkişafı, fikir və söz azadlığının təmin olunması istiqamətində gördüyü işlər isə göz qabağındadır. Media reyestrinin yaradılması, jurnalistlərə vahid vəsiqələrin verilməsi, güzəştli ipoteka şərtlərindən media nümayəndələrinin yararlanmasının təmin olunması və digər üstünlüklər jurnalistlərə göstərilən diqqət və qayğının əməli təzahürüdür. Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkə başçısı 2010-cu və 2013-cü illərdə “Jurnalistlərin dostu” seçilib.
Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mediası erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdıra bildi. Erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın qələbəsini, bunun fonunda Ermənistanın təxribatlarını, mənfur düşmənin törətdiyi vandallıqları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətinə təqdim etdi.
Son illər Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yerli jurnalistlərlə yanaşı xarici media nümayəndələrinin akreditasiya prosesi asanlaşdırılıb. İndi Azərbaycan reallılqlarını dünya ictimaiyyətinə daha operativ çatdırılma imkanına malikdir.
Qulu Məhərrəmli: Azərbaycanda medianın və jurnalistlərin azad fəaliyyəti üçün hər cür şərait yaradılır
Mövzu ilə Bakıvaxtı.az-a danışan Əməkdar Jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, istənilən cəmiyyətdə söz və mətbuat azadlığının göstəriciləri var. İstənilən cəmiyyətin xarakterindən aslı olmayaraq orada söz və mətbuat azadlığının göstəriciliri olmalıdır. Məsələn söz azadlığı indeksi var ki, bura kütləvi informasiya vasitələri normal fəaliyyət göstərə bilirmi? Jurnalistlər məlumatları rahat ala bilirlərmi? Jurnalistlər tənqidi yazılarına görə tənqid olunurlarmı? Jurnalistlərin məlumat almaq və cəmiyyətə çatdırmaq üçün imkanları necədir? Qanun jurnalistlərin fəaliyyət göstərmələri üçün azadlıqları, imkanları yaradırmı? Eləcə də başqa məsələlər daxildir. Bunlar söz azadlığının göstəriciləridir.
Professorun fikrincə, bu qaydalara əməl edən cəmiyyət söz azadlığına dəyər verən cəmiyyət hesab edilir. Bu imkanları yaratmayan cəmiyyətlər isə söz azadlığının olduğu cəmiyyət sayılmır: “Bu baxımdan əlbəttə ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı var. Mətbuat azad fəaliyyət göstərir, internet azaddır. Bununla yanaşı problemlər də var. Söz azadlığı insan azadlığının önündə dayanan azadlıqlardan biridir. Azad, sərbəst cəmiyyətlər bunu ön planda saxlamağa çalışır. Hökümətin də əsas vəzifəsi ondan ibarətdir ki, medianın və jurnalistlərin azad fəaliyyət göstərməsi üçün şərait yaratsın”.
Babək İdrisov
Yazı Media İnkişafAgentliyininmaliyyə dəstəyiilə hazırlanıb