• Bakı 23° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycançılıq ideyasını aşılayan lider

LAYİHƏ

12 Dekabr 2023 | 16:53

Azərbaycançılıq ideyasını aşılayan lider

6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanla yanaşı dünyanın ayrı-atrı ölkələrində də Uşu Önndərin xatirəsi yad edilir.

Azərbaycançılıq ideyasının müəllifi Heydər Əliyevin anım günündə bəzi deputatlar ulu öndərlə bağlı xatirələrini Bakıvaxtı.az-la bölüşüblər.

Fəzail Ağamalı: Heydər Əliyev dövlətimizə, Azərbaycana milli dəyərlərimizə sədaqət aşıladı

Deputat Fəzail Ağamalı Bakıvaxtı.az-a deyib ki, Heydər Əliyev dünyanın, bəşəriyyətin tarixi şəxsiyyətlərindən biridir.

“Mən Heydər Əliyevi tələbəlik dövrümdən üzü bu tərəfə xatirələrimdə yaşadıram. Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər gələndə Bakı Dövlət Universitetinin 3-cü kursunda oxuyurdum. Biz bu xəbəri Gəncə şəhərində hərbi yığımda eşitdik. O zaman 3-cü kurs tələbəsi olaraq keçdiyimiz hərbi dərsdən imtahn verib rütbə almalı idik. Həmin vaxt radioda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi xəbərini eşitdik. Ondan sonra Heydər Əliyevin müxtəlif səviyyələrdə atdığı addımları heyranlıqla müşayiət etdik. Sevinirdik ki, ölkəmizə belə bir rəhbər gəlib. Xüsusən də, onun korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə, Azərbaycan dili ilə bağlı atdığı addımlar, Azərbaycanın milli şüurunun inkişafı baxımından yaratmış olduğu əlverişli mühüt bizdə bir gənc olaraq dövlətimizə, Azərbaycana, daha doğrusu, xalqımıza, milli dəyərlərimizə sədaqət aşıladı. Həmçinin, ilkin düşüncələrimiz də formalaşırdı”.

Depuatat ulu öndərin cəsarətli addımlarını belə xatırlayır: “Xatırlayıram ki, 1969-cu ilin payızında Bakı Dövlət Universitetinin yaradılmasının 50 illiyi ilə bağlı respublika səviyyəli yığıncaq keçirilirdi. Heydər Əliyev görülməmiş bir addım atdı. Bu yubiley iclasında Azərbaycan dilində çıxış etdi. Bu, həmin zaman üçün qeyri-adi bir cəsarət idi. Çünki Kremlin qaydalarına görə, bütün rəsmi yığıncaqlarda Mərkəzi Komitənin birinci katibi rus dilində çıxış etməli idi. Heydər Əliyev bu stereotipi SSRİ miqyasında, digər müttəfiq respublikalar içərsində ilk dəfə sındırdı və Azərbaycan dilində çıxış etdi. Azərbaycan təhsilinin qarşısında duran vəzifələr ətrafında olduqca orjinal, cəsarətli fikirlər irəli sürdü. Mən deyərdim ki, bu addım Azərbaycanda milli şüurun inkişafında çox stimullaşdırıcı hadisə oldu. Onun yaratmış olduğu mühütdə böyüyən gənclər kimi ayrı-ayrı dərnəklərdə, müzakirələrdə Azərbaycanın müstəqilliyi və bütövlüyü haqqında fikirlərimizi önə çəkirik. Xüsusən o dövrün tanınmış yazıçıları Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Anar və Xəlil Rza Ulutürkün yazıları, fikirləri, şeirləri ilə milli ruhla formalaşmağa başladıq. Bunu yaradan ulu öndərimiz Heydər Əliyevdir”.

F.Ağamalı H.Əliyevlə müstəqillik dövründəki görüşlərindən də danışıb: “Mənim Heydər Əliyevlə bağlı xoş xatirələrim müstəqillik dövrünə də təsadüf edir. Müstəqillik illərində ulu öndərimizlə mənim sıx təmaslarım olub. 1991-ci ilin sentyabr ayında onunla Naxçıvanda görüşdüm. Bu görüşü hər zaman çox böyük məmnuniyyətlə xatırlayıram. Həmin görüş mənim fəaliyyətim üçün yeni səhifənin açılması oldu. Bir saata yaxın davam edən görüşdə ulu öndərimizdən Azərbaycanın gələcəyi ilə bağlı olduqca dərin fikirləri, liderin baxışlar sisteminin bəzi konturlarını özüm üçün əxz edə bildim. Bir daha əmin oldum ki, o, bütün varlığı, ruhu ilə Azərbaycan xalqına bağlıdır və Azərbaycanın müstəqilliyi üçün çalışan, vuruşan, fəaliyyət göstərən tarixi bir şəxsiyyətdir. Sonrakı illərdə də çoxsaylı görüşlərimiz oldu. Bütün bunların hər birindən ulu öndərimizdən fəaliyyətim üçün yeni-yeni tövsiyələr, fikirlər əxz etməklə onun yanında silahdaşı olmaqdan bir Azərbaycan vətəndaşı kimi müasir Azərbaycan dövlətinin yaradılmasında ortaya qoyduğu siyasi xəttin təbliği və həyata keçirilməsində fəaliyyətimdlə hər zaman qürur duymuşam. Çox şanslı insanlardan biriyəm ki, vaxtilə ulu öndərimizin Azərbaycan dövlətçiliyində həyata keçirdiyi siyasi kursun içərisində yer almışam”.

Sabir Rüstəmxanlı: Heydər Əliyev bütün cəhətlərin ilə dünya liderlərindən bir baş yuxarıda idi

Deputat Sabir Rüstəmxanlı Bakıvaxtı.az-a açıqlamasında Heydər Əliyevin həyat yoluna nəzər salaraq qeyd edib ki, 80 illik ömrün əvvəlini, sonunu düşündükdə əgər, doğrudan da, ləyaqətli bir ömür yaşanıbsa, insanın hardan hara gəldiyi heyrət doğurur: “Naxçıvanda sadə bir ailədə dünyaya gəlmiş bir uşaq çətin şəraitdə özünü yetişdirərək, böyük ideallara köklənərək gəlib Azərbaycanda müxtəif mərhələləri keçərək Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini oldu. Vaxtıykən ora erməni və rusların sığınacaq yeri idi. Dövlət Təhlükəsizlik Xidmətinin köhnə divarları arasında Azərbaycanın bir çox görkəmli ziyalılarının hökmü verilmişdi. Azərbaycanın dövlət olaraq inkişafına mane olmaq üçün proqramlar hazırlanmışdı. Heydər Əliyev ora gəldikdən sonra o proqramların çoxunu pozdu, oradaki anti-Azərbaycan siyasətinə son qoydu. Sonda öz bacarığı, düzgün idarəçilik qabiliyyəti ilə Dövlət Təhlükəsizlik Komitəsinin sədri oldu”.

Müsahibimiz qeyd edib ki, bir neçə il sonra o, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi oldu: “O illəri xatırlayıram. Azərbaycan ziyalıları çox sevinirdilər ki, Heydər Əliyev hakimiyyətə gəldi. Bir az keçdikdən sonra o sevincin səbəbi aydınlaşdı. Nağıllardakı kimi söhbət gəzirdi ki, Heydər Əliyev libasını dəyişib müəssisələrə, bazarlara gedib ümumi vəziyyətdən xəbər tutur, xalqa qarşı haqsızlıq edənləri cəzalandırır. Bu bir əfsanəyə çevrilmişdi. Sonra Moskvada ilk dəfə Kommunist Partiyasının qurultayında çıxış etdikdə bütün SSRİ idarəçiliyə yeni bir hava gəldiyini gördü. Rüşvətxorluğa, korrupsiyaya, haqsızlığa qarşı mübarizə, qanunların normal işləməsini təmin etmək və s. Azərbaycan o dövrün şərtləri altında çox böyük islahata başlamışdı. Bu, həyatımızın bütün sahələrini əhatə edirdi. Daha sonra o, Siyasi Büro üzvlüyünə namizəd, ardından üzv seçildi. Bunlar hamısı Azərbaycanda bayram kimi qarşılanırdı ki, nəhayət, bir azərbaycanlı Moskvada o səviyyəyə yüksəldi”.

“Sonra Heydər Əliyev Bakıdan getdi. Onun o gedişi, vida məclisi yadımdadır. O vaxt jurnalist kimi o məclisdə iştirak edirdim. Uzun müddət SSRİ Nazirlər Kabinetinin birinci müavini və siyasi büronun üzvü oldu. Nazirlər Kabinetinin birinci müavini kimi ona SSRİ-də ən çətin işlər tapşırılmışdı. Az qala bütün idarəçilik onun əlində idi. Sonra Azərbaycana qayıtdı. Onun Bakıya gəlişini, Naxçıvana getməyini xatırlayıram. Naxçıvanda olanda onunla görüşmüşdük, hətta demişdim ki, niyə Bakıya kömək etməyə gəlmirsiniz, işlər o qədər də yaxşı deyil. Dəfələrlə dəvət olunduqdan sonra, nəhayət, gəldi. O gələndə mən artıq Mətbuat Komitəsinin sədri idim. Təxminən, 4 il yarım Heydər Əliyevlə birlikdə işlədik. Sonra mətbuat və informasiya naziri oldum. Nazir olaraq onunla ara-sıra görüşürdük”, - deyə S.Rüstəmxanlı vurğulayıb.

Deputat əlavə edib ki, Heydər Əliyevin idarəçilik keyfiyyətlərini müşahidə etmək imkanı olub: “Bundan əvvəl, lap cavan vaxdı bizim 28-29 yaşımız olanda da bir sıra yazıçıları özü ilə rayonlara aparırdı. Yadımdadır, Sabirabad, Ağdam, Ağsu, Bərdə, Xankəndi və Şuşada onunla birlikdə səfərdə olmuşuq. Heydər Əliyevin nə dərəcədə böyük idarəçilik qabiliyyəti olduğunun və dünyanı necə dərindən bildiyinin şahidi olmuşam. Böyük siyasətçi, həm də gözəl insan idi. Onun Azərbaycan mədəniyyətinə verdiyi dəyər, mədəniyyət xadimləri ilə etdiyi dostluq unudulmazdır. Onun qəribə bir yaddaşı var idi, tanış olduğu adamların hamısını xatırlayırdı. Görəndə deyirdi ki, filan yerdə görüşmüşük. Şərəfli bir ömür yaşadı, həyatın aşağı pilləsindən dünyanı idarə edən liderlər səviyyəsinə gəlib çatdı. Azərbaycanın çətin durumda olmasına baxmayaraq, o, səfərlərdə xəritə ilə gəzirdi ki, xarici liderlərə Qarabağın Ermənistana heç bir aidiyyatı olmadığını sübut etsin”.

Millət vəkili vurğulayıb ki, xırda şeylər var idi ki, dünya bilməli idi, ancaq Heydər Əliyev başa salmaq məcburiyyətində idi: “Bütün cəhətlərindən onu gördüm ki, dünya liderlərindən bir baş yuxarıdadır. Biz iki dövr arasında yaşamışıq. Kommunist rejimini gördük, müstəqillik uğrunda mübarizə yollarını keçdik. Müstəqil dövlətdə yaşamaq xoşbəxtliyi də bizə qismət olub. Mən onu bütün çətin dövrlərdə gördüm. Bu yükü daşımaq çox çətin idi, o, bunu şərəflə yaşadı. O, Azərbaycanın müstəqilliyinin əbədi olacağına, Qarabağın qayıdacağıan inanırdı. Bu gün çıxışlarına qulaq asanda da adam onun müdrikliyinə heyrət edir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024