• Bakı 22° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı diqqət mərkəzində saxlanılmalıdır

LAYİHƏ

23 Noyabr 2023 | 10:09

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı diqqət mərkəzində saxlanılmalıdır

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.

Uşaqların fizki inkişafı ilə yanaşı, həmçinin onların mənəvi cəhətdən inkişafı da vacib şərtlərdən hesab olunur. Hər bir uşağın gələcəkdə layiqli vətəndaş olması olduqca önəmli faktordur. Məhz bunun üçün uşaq və gənclərin mənəvi cəhətdən inkişafına da diqqət yetirilməlidir.

Valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının özünəməxsus yeri var. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin xüsusi əməyi də diqqətdən yayınmamalıdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət olaraq formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Gülnar Orucova: Valideyn övladını o qədər qoruyur ki, o olmayan yerdə uşaq hərəkət edə bilmir

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan psixoloq Gülnar Orucova mənəvi inkişafın ailədən başladığını deyir: “Bu gün mənəvi inkişaf ailədən başlayır. Əgər, ata-ana övladının yanında doğru, düzgün danışarsa, övladına doğru, düzgün istiqamət verərsə, özünün də mənəvi baxımdan zənginliyi olarsa, övladı da mənəvi baxımdan zəngin olacaq. Son zamanlar biz valieynlər və müəllimlər mənəvi inkişafın da standartlarını dəyişmişik. Məsələn, əvvəllər valideynlər və müəllimlər bir yerdə yığışardılar, uşaqları aparardılar hansısa muzeyə, tarixi məkana. Amma indi bir az fərqlidir. İndiki valideyn və müəllimlər bayramlarda, əlamətdar günlərdə pul yığıb, uşaqları restoranlara aparırlar. Klounlar, oyun qəhrəmanları gətirilir, bu, sizin uşağınızı sosiallaşdıra bilər, amma bu sizin uşağınızı mənəvi baxımdan inkişaf etdirə bilməz”.

Psixoloq vurğulayır ki, valieynlər övladları ilə, ətrafdakı insanlarla ünsiyyətdə çox diqqətli olmalıdırlar. Valideynlər övladlarında görmək istədikləri xüsusiyyətlərə əvvəlcə özləri sahiblənməlidirlər: ”Bir uşağı mənəvi baxımdan inkişaf etdirmək istəyirsinizsə, birinci ailədən başlamalısınız. Bəzən psixoloqa gəlirlər, deyirlər ki, "mənim uşağımda bu yoxdur", misal üçün, "mənim uşağıma bu lazımdır". "Övladım icazəsiz əşyalarımı götürür. Övladım icazəsiz hara istəyir, gedir. Övladım məni saymır. Məni alçaldır. Məni təhqir edir" və s. kimi şikayətlərlə valideynlər müraciət edirlər. Bunların səbəbini valideyn hər zaman özündə axtarmalıdır. Əgər, övladınızda hansısa keyfiyyətlərin olmasını istəyirsinizsə, həmin keyfiyyətlərə valideyn olaraq siz sahiblənməlisiniz. Çünki övladınız ilk olaraq sizə baxır və sizdən tərbiyə götürür”.

Müsahibimiz valideyn-övlad arasındakı bağlılıqlardan da söz salıb. O qeyd edir ki, valideynlər övladlarına rahatlıq verməlidirlər. Onlara öz qərarlarını vermələri üçün uyğun mühit yaradılmalı, uşaqların hər bir qərarında, addımında onların yanlarında olmaq lazımdır: ”Valideynlə övladın bağlanması - buna psixologiyada "simbioz" deyirlər. Simbiozu valideynlərin özləri yaradırlar. Məsələn, hədsiz qoruyucu tərbiyə sistemində ana övladına olan sevgisini aşırı bəlli edir. "Dayan, yıxılarsan. Onu etmə, bunu etmə. Gözlə məni, mənimlə bərabər edək. Birdən səhv olar". Və ya övladı ayrı yatanda narahat olur ki, birdən ayılar, qorxan, nəsə istəyər, mənimlə birlikdə yatsın. Gözümün qarşısında olsun. Hər bir şeyi ana ilə edən həmin uşaqların məktəbəqədər təhsil müəssisələrinə getməsi böyük problem çıxarır. Çünki o uşaqlar adaptasiya problemi yaşayırlar. Eləcə də biz bir çox hallarda siniflərdə 20-25 uşaqdan birinin və ya ikisinin dərslərdə narahat olduğunu, hətta ağladığını belə görürük. Valideyn övladını o qədər qoruyur ki, o olmayan yerdə uşaq hərəkət edə bilmir. Və yaxud da uşağa bir sual verirsən, dönür anasına baxır ki, görüm anam nə deyəcək. Ona cavab verim. Sanki ana bir uşaq yox, robot yetişdirir, uşağa robot təlimi verir”.

Elçin Həmidli: Hansısa uşağın kənara çəkilib sakit oynadığını görəndə onu tək buraxmaq olmaz

İdman müəllimi Elçin Həmidli Bakıvaxtı.az vasitəsilə valideynləri, müəllimləri, ümumiyyətlə, hər kəsi çox sakit, hamıdan uzaq gəzməyə çalışan və əksinə hiperaktiv uşaqlarla münasibətdə çox diqqətli olmağa səsləyir: “Yol gedərkən ayağı ayağına dolaşıb yıxılan uşaqlar da var, əksinə, aşırı hiperaktiv olan uşaqlar da var. Müəllimlər, valideynlər əsasən bu tip uşaqlarla düzgün davranmırlar. Haradasa əyləşdirirlər, dayandırırlar ki, "bax burada otur, sakit dur". Amma belə olmamalıdır. Valideynlər və müəllimlər başa düşməlidirlər ki, hiperaktiv uşaqlarla o cür davranmaq olmaz. Belə uşaqların ehtiyacları ödənməlidir. Əksinə, daha çox hərəkətə gətirilib, onların içərisindəki enerjini basqılamaq lazımdır. Hər hansısa bir uşağın kənara çəkilib, qıraqda sakit oynadığını görəndə onu tək buraxmalı və ya özlərindən uzaqlaşdırmalı deyillər. Onları sosial alana dəvət edib, sosial alanda onların fiziki inkişafını davam etdirməlidirlər”.

E.Həmidli valideynlərin övladlarında mənəvi inkişafdan qalma hallarını sezdikləri andaca mütəxəssislərə müraciət etməli olduqlarını vurğulayır. Onun sözlərinə görə, belə olduqda uşaqların mənəvi inkişafdan qalmalarının qarşısı alına bilər: “Deyək ki, uşaq yazı yaza bilmir, qələm tuta bilmir, 6 yaşına çatmış uşaqdı, indiyə kimi nə anası ona qələm tutmağı öyrədib, nə də qeyri birisi. O cür uşaqları birbaşa oturdub parta arxasında qələmi əlinə verib, "al bu yazını yaz" demək də düzgün deyil. Bunlar hamısı travmadır. Amma zamanında uşağında hansısa bir əskiklik, normal uşaqlardan geri qalma əlamətlərini görən valideyn mütləq şəkildə mütəxəssislərə müraciət etməlidir. Anında tədbir görüldüyü zaman, uşağ məktəbəqədərki dövrlərdə təlimlərlə, müəyyən məşğələlərlə məktəbə hazır olur”.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024