• Bakı 18° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Milli mənlik şüuru: Vətənpərvərlik, milli mənəviyyat və vicdan...

LAYİHƏ

30 Noyabr 2023 | 13:42

Milli mənlik şüuru: Vətənpərvərlik, milli mənəviyyat və vicdan...

 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır.

Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynlərin arzusudur.

Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni, həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.

Seyyid-Zeynəb Əliyeva: İnsanda güclü vətənpərvərlik hissi milli mənlik şüurunun olmasından asılıdır

Psixoloq Seyyid-Zeynəb Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, milli mənlik şüuru dedikdə ağıla gələn ilk kəlmələr vətənpərvərlik, milli mənəviyyat və vicdandır: “Düşünürəm ki, insanda güclü vətənpərvərlik hissi mənlik şüurunun olmasından asılıdır. Qeyd edim ki, vətənpərvərlik hissi milli mənsubiyyətimizə xas olan ən mühüm əxlaqi hisslərdən biridir. Mənlik şüuru hər bir şəxsin daxili xüsusiyyətlərini, vətənə və ailəsinə olan münasibətini bildirir . Burada ailəyə münasibəti elə belə vurğulamadım, müşahidələr göstərir ki, tərbiyənin əsası ailədə qoyulur. Çünki vətənə məhəbbət hissi ilkin olaraq insanın öz ailəsinə, evinə məhəbbətdən başlayır. Bünövrəsi möhkəm qoyulan bu məhəbbətin dayaqları da möhkəm olur”.

Psixoloq qeyd edib ki, ailəsinə dəyər verməyən, valideynləri ilə münasibətləri yaxşı olmayan bir gəncin mənlik şüurundan, vətənə məhəbbətindən danışmaq olmaz: “İnsanlar öz elinə-obasına, torpağına, vətəninə sadiq olmağı, onu sevməyi uşaqlıqdan öyrənirlər. Danılmaz faktdır ki, ailədə düzgün tərbiyə edilmiş uşaq, gözəl əxlaqa və vicdana sahib olur. Əxlaqlı və vicdanlı şəxsin milli mənlik şüuru da yüksək olur. Həqiqətən də, tərbiyənin əsası ailədə qoyulur, sonra bu proses məktəblərdə davam edir”.

S.Z.Əliyevanın sözlərinə görə, orta məktəb və universitetlər gənclərimizin gələcək inkişafında əvəzedilməz rol oynayır. Müsahibimiz bildirib ki, bu gün gənclərimiz milli ruhda tərbiyə olunur, tariximizi öyrənirlər. Gənc nəsilə vətənə məhəbbət hissi dərindən aşılanır. Ölkəmizin tarixi, viktorinaların təşkili, Milli Qəhrəmanlarla görüşlərin keçirilməsi, mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasına müsbət təsir edir: “Tövsiyə edərdim ki, orta və ali məktəblərdə tarixi muzeylərlə tanışlıqlar və səpkili ekskursiyaların təşkil edilməsi artırılsın. Müxtəlif fənlərlə ölkəmizin tarixi, adət-ənənələri, milli dəyərləri əlaqələndirilsə, gənclərimizdə milli mənlik şüurunun inkişafına müsbət təsir göstərəcək. Sonda qeyd edim ki, gənclərimizin sağlamlığı, onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi hər birimizindən asılıdır. Bu gün dövr internet dövrüdür və gənclərimiz məlumatları daha çox internet vasitəsi ilə əldə edirlər. Düzgün paylaşılan məlumatlar, maarifləndirici xəbərlər, TV verilişləri və s. hər biri onların həyatlarında öz müsbət təsirini qoyacaq”.

Kamran Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkəmizdə gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə davamlı addımlar atılır: “Ümumiyyətlə, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm prinsiplərdən birini təşkil edir. Vətən müharibəsinin qələbəmizlə başa çatmasını təmin edən mühüm amillərdən biri gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda Vətənə, xalqa bağlı, torpaqlarımızın azad olunması uğrunda canlarından keçməyə hazır olan gənc nəsil formalaşıb.

2020-ci ilin sentyabrında başlayan və Azərbaycanın ərazi bütövlüyününn təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətində ciddi dəyişikliklər nəzərə çarpmağa başladı. Yeni nəsil gənclər özlərilə yeni nəfəs gətirmişdi”.

Ekspert qeyd edib ki, orta ümumtəhsil məktəblərində, orta ixtisas təhsili müəssisələrində yeni vətənpərvərlik ruhu kampaniyası başlanıldı: “Azərbaycan məktəblərinin bir çoxu şəhid və Milli Qəhrəmanların adını daşısa da, bu təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsi zəfərlə başa çatan müharibəyə qədər çox zəif şəkildə həyata keçirilirdi. Görəcəyi iş şagirdlərdə milli şüuru formalaşdırmaq, onlarda hərbi-vətənpərvərlik ruhunu qaldırmaq olsa da, hərbi dərslər haqda danışmağa dəyməz. Bu fənnin tədrisi həddindən artıq pis vəziyyətdə idi. Müharibə şəraitində olan bir ölkənin məktəblərində bu sahənin kölgədə qalması bizə utanc gətirirdi. Heç sağ qalan Milli Qəhrəmanlar, müharibə veteranları, hərbçilərlə gənclər də ünsiyyətdə olmurdu. Onların döyüş yolu gənclərin mübariz bir vətəndaş kimi yetişməsinə təsir edə bilər. Bu, birmənalı belədir. Torpaq uğrunda mücadilə verənlərin hər birində, ilk növbədə, yüksək milli mənlik şüuru formalaşıb. Milli məfkurəyə bağlı olanların isə vətənpərvərlik tərbiyəsinə malik olması şübhəsizdir”.

Həmsöhbətimiz bildirib ki, bu gün isə Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simfozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir.

K.Əsədovun sözlərinə görə, ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir: “Ümummilli lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Vətən müharibəsindən sonra şagirdlərimizə aydın olub ki, vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Müharibədən sonra diqqəti çəkən, həm də odur ki, şəhid və qazilərin tələbə gənclər arasında tanıdılması, onların qəhrəmanlıqlarının təbliği istiqamətində tədbirlər həyata keçirilir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024