"İnter Mayami"nin (ABŞ) və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak etmək istəyir.
Bakıvaxtı.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu dünya çempionluğu titulunu qorumaq niyyətindədir.
"Düzünü desəm, dünya çempionatında iştirak etmək inanılmaz dərəcədə gözəl olardı. Formada olmaq və milli komandada mühüm rol oynamaq istərdim.
Əlbəttə, çox həyəcanlıyam, çünki bu, dünya çempionatıdır. Son turnirdə qalib gəldik və titulu qorumaq çox yaxşı olardı. Milli komandada, xüsusən də dünya çempionatında oynamaq arzusundayam.
Gələn il "İnter Mayami" ilə mövsümdən əvvəl məşqlərə başlayanda hər gün hazırlığımı qiymətləndirəcəyəm. Baxacağam ki, 100 faiz hazıram, komandaya faydalı ola bilərəm, bundan sonra qərarımı verəcəyəm", - deyə Messi bildirib.
Xatırladaq ki, 38 yaşlı argentinalı 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Messi karyerasının parlaq illərini "Barselona"da keçirib. Bir müddət PSJ-nin də formasını geyinən hücumçu səkkiz dəfə "Qızıl top" mükafatını qazanıb. O, Argentina milli komandası ilə 2022-ci ildə dünya çempionu olub.
Bakı 


