• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Natiq Qasımov “Milli Qəhrəman” adından öncə "Xalq qəhrəmanı" adını aldı - ŞƏRH

SİYASƏT

27 Iyun 2024 | 11:53

Natiq Qasımov “Milli Qəhrəman” adından öncə "Xalq qəhrəmanı" adını aldı - ŞƏRH

“Natiq Qasımovun Prezident tərəfindən “Milli Qəhrəman” adı ilə təltif edilməsinin bir sıra ciddi mənaları var. Bu, həm hərbi-siyasi, həm də sosial-psixoloji faktorlara söykənir”.

Bu sözləri Bakıvaxtı.az-a siyasi şərhçi Əziz Əlibəyli deyib.

O, Natiq Qasımovun ölümündən sonra “Milli Qəhrəman” adı ilə təltif edilməsini belə şərh edib:

“Natiq Qasımov Azərbaycanın birinci dönəmində, yəni 90-cı illərdə total məğlubiyyət fonunda azsaylı qəhrəmanlıq nümunələrindən biridir. Necə ki, 30 il ərzində Azərbaycan xalqı işğal altında olan torpaqlarının, mədəni sərvətlərinin, abidələrinin, xatirələrinin, hekayələrinin acı tərəflərini yaşayıb, bölüşübsə, eləcə də o bölgədə naməlum olan minlərlə azərbaycanlı döyüşçünün taleyindən xəbərsiz böyük bir hüznlə, böyük bir kədərlə yaşayıb, yad ediblər. Amma bu niskilin içərisində Natiq Qasımov varlığı hər zaman önəmli rol oynayıb. Ona görə də, uzun illər keçsə belə, onun yazdığı qəhrəmanlıq dastanının tam mahiyyəti Natiqin işğal altında olan torpaqda, elə vətən torpağının bir qarışına çevrilməsi anlamına gəlir”.

Əziz Əlibəyli: Natiq Qasımov özü öz qəhrəmanlıq dastanının baş rolunu oynaya bilən nadir nümunələrdəndir

Əziz Əlibəylinin sözlərinə görə, Natiq Qasımov ölümü ilə Qarabağdakı məhək daşlardan biri olub:

“Natiq müasir dövrümüzdə qəhrəmanlıq dastanı yaza bilən, yarada bilən, özü öz qəhrəmanlıq dastanının baş rolunu oynaya bilən nadir nümunələrdəndir. Onun duruşu, igidlərə xas baxışı, davranışı, əyilməzliyi, bayrağa, torpağa bağlılığı və bunları bütün dünyanın gözü ilə nümayiş etdirməsi əlahiddə bir yer təşkil edib.

Siyasi şərhçi bildirib ki, 90-cı illərdə müəyyən səbəblərdən məğlubiyyətlə üzləşməyimizə baxmayaraq, həmin dövr məğlubiyyətin özündə qalib gəlmiş qəhrəmanlarla zəngindir:

“Heç şübhə yoxdur ki, o qəhrəmanlardan biri də Natiq Qasımovdur. Həm də bu o anlama gəlir ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda canını fəda edən övladlarını unutmur, unutmayıb”.

Müsahibimiz Natiq Qasımovun “Milli Qəhrəman” adından öncə “Xalq qəhrəmanı” adına layiq görüldüyünü, belə qəbul edildiyini bildirib:

“Natiq Qasımov fenomeni hər bir halda qlobal bir fenomenə çevrildi. İtalyan fotoqrafın görüntüləri ilə dünyaya çxıdı və “Oğul” filiminin də ərsəyə gəlməsi onun qəhrəmanlıq obrazının real səhnələr əsasında dünyaya çatdırılmasında mühüm rol oynadı. O, Azərbaycandan çox-çox kənara çıxmış bir qəhrəmanlıq dastanını yazdı. Natiqin milyonlarla insanın qəlbində xüsusi yerinin olduğunu hər keçən gün daha şiddətlə gördük. Onun savaşdığı Xocalı ərazisi işğaldan azad olunandan sonra Natiqin hekayəsi bir daha gündəmə gəldi”.

Əziz Əlibəyli qeyd edib ki, Natiq Qasımov erməni cinayətkarlığının, müharibə cinayətkarlarının, qatillərinin, terrorçularının, uşaq qatillərinin ifşası deməkdir:

“Unutmaq lazım deyil ki, onun obrazında meydana çıxan fotolardakı Vitali Balasanyan əli azərbaycanlıların qanına batmış erməni terrorçularından, canilərindən biridir. Nə qədər ki, Vitali Balasanyan yaşayır - yaşamaq demək mümkündürsə - onun törətdiyi qanlı cinayətlərin haqq-hesabı çəkilməlidir. O şəxs cəzasını almalıdır. Çünki həmin o dəhşətli görüntüsü olan masadan qalib kimi qalxan o olmadı. Nəticədə Natiq Qasımov o masadan qalib qalxdı”.

Xatırladaq ki, Natiq Qasımov iyunun 25-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR