Moskvada Xalq Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Azərbaycan pavilyonuna bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.
“VDNX-dakı Azərbaycan pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - deyə Fövqəladə Hallar Nazirliyinindəki mənbə bildirib.
Qeyd olunub ki, 2019-cu ilin noyabr ayından Rusiyada müxtəlif obyektlərin “minalanması” dalğası müşahidə olunur. Naməlum şəxslər məhkəmələrdə, məktəblərdə, ticarət mərkəzlərində, mağazalarda, universitetlərdə, dəmiryol vağzallarında və hava limanlarında bomba hədələri barədə məlumatların yer aldığı elektron məktublar göndərirlər. Bu məktublar daha çox xaricdən göndərilirdi. Rusiya FTX, onların gəldiyi bir neçə xarici resursun bloklanması barədə məlumat verib.
















