İsrail 2024-cü ildə rekord həcmdə - təxminən 14,8 milyard dollar dəyərində silah ixrac edib.
Bu barədə Bakıvaxtı.az ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirib.
Qeyd olunub ki, 2024-cü ildə ixracın həcmi 2023-cü illə müqayisədə 13 % artıb.
Müdafiə naziri İsrael Kats qeyd edib ki, "bu böyük nailiyyət İsrail Müdafiə Qüvvələrinin, müdafiə sənayesinin Qəzzada HƏMAS təşkilatına, Livanda Hizbullaha, Yəməndə husilərə və İsrailin düşmənlərinə qarşı işlədiyimiz digər sahələrdə uğurlarının birbaşa nəticəsidir. Dünya İsrailin gücünü görür və onun tərəfdaşı olmağa can atır".
Nazirliyin məlumatına görə, 2024-cü ildə müqavilələrin 54 %-i (2023-cü ildə 35 %) Avropa ölkələri ilə imzalanıb. İxracın 23 %-i Asiya-Sakit okean regionu ölkələrinin, 9 %-i isə Şimali Amerikanın payına düşüb.
"5 il ərzində İsrailin silah ixracı 100%-dən çox artıb", - məlumatda bildirilib.
Kats vurğulayıb ki, İsrail təhlükəsizlik sahəsində innovasiyaların köməyi ilə ölkənin müdafiə ordusunu və İsrail iqtisadiyyatını gücləndirməyə davam edəcək.