Rusiya kibermüharibəni təkcə Ukraynaya deyil, həm də tərəfdaşlarımıza, Avropa İttifaqı və NATO ölkələrinə qarşı aparır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib:
"Məsələn, DDoS hücumlarının cəmi 20%-i Ukraynaya qarşıdır, 80%-i isə digər ölkələrə yönəlib. Bu sahədə Ukraynanın üstünlüyü ondan ibarətdir ki, biz düşmənimizi tanıyırıq, əks-hücum edə biləcək insan resursumuz var və beynəlxalq humanitar hüquqa əsasən, proaktiv kibermüdafiə tətbiq etmək üçün hüquqi əsasımız var. Digər ölkələrin isə belə imkanları yoxdur, bu da ciddi problemdir".
Nataliya Tkaçuk əlavə edib ki, hesab edirlər ki, beynəlxalq əməkdaşlıq paradiqması dəyişməlidir:.
"Biz beynəlxalq əməkdaşlığa, tərəfdaşlığa açığıq. Təcrübəmizi paylaşmağa, təlimlər keçirməyə hazırıq. Hazırda Ukraynada beynəlxalq kibertəhlükəsizlik mərkəzinin yaradılmasına başlayırıq", - deyə qeyd edib.