18-20 iyul tarixlərində Almaniyanın paytaxtı Berlində müasir bədii konsepsiyaların və fənlərarası eksperimentlərin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi tanınan X Forecast (Proqnoz) Forumu keçirilir.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə səs və performans sənətçisi İbrahim Babayev forumda ölkəmizi təmsil edib.
İ.Babayevin qədim muğam irsini müasir media və səhnə sənəti ilə birləşdirən “MughaMutations” layihəsi minlərlə müraciət arasından seçilərək Böyük Britaniyadan vokalçı və performans sənətçisi Elayn Mitçenerin mentorluğu ilə üç finalçıdan biri olub.
Forum çərçivəsində iyulun 19-da Berlindəki “Radialsystem” səhnəsində “MughaMutations” layihəsinin təqdimatı olub və böyük maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin vizual konsepsiyası media sənətçisi Timur Əmirxana, kuratorluğu isə Könül Rəfiyevaya məxsusdur.