6 OPEC+ ölkəsi neft hasilatı üzrə kvotaların artırılması barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Razılaşmaya əsasən, iyul ayında altı OPEC+ ölkəsinin hasilat kvotası sutkada 188 min barel artırılacaq ki, bu da iyun ayı üçün nəzərdə tutulan artım tempinə uyğundur. Bu qərar çərçivəsində Rusiyanın iyul ayı üçün hasilat kvotası sutkada 9,824 milyon barel təşkil edəcək (+62 min barel).
Alyansın məlumatına görə, OPEC+-un altı əsas üzvü aprel-iyun ayları ərzində hasilat kvotalarını ümumilikdə sutkada təxminən 600 min barel artırıblar. Buna baxmayaraq, Fars körfəzi ölkələrinin ixracı azaltması səbəbindən real neft hasilatında eniş qeydə alınıb. Belə ki, fevral ayındakı 42,77 milyon barellik göstərici ilə müqayisədə, apreldə orta gündəlik hasilat 33,19 milyon barelə bərabər olub.
Agentlik qeyd edir ki, Yaxın Şərqdəki müharibə Hörmüz boğazı vasitəsilə neft tədarükünün kəskin azalmasına səbəb olub və bu, qlobal neft bazarında tarixin ən böyük təchizat böhranını yaradıb. Fevralın sonundan etibarən təşkilatın Səudiyyə Ərəbistanı da daxil olmaqla əsas üzvləri istehlakçılara tam həcmdə neft çatdıra bilmirlər.
Xatırladaq ki, OPEC+ üçün sözügedən böhran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təxminən 60 illik üzvlükdən sonra təşkilatdan çıxması ilə daha da dərinləşib.
Bakı 




