“Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş ikitərəfli münasibətlərin normallaşması istiqamətində növbəti uğurlu addımdır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Ermənistanla münasibətləri tam şəkildə qaydaya salmaq üçün Zəngəzur dəhlizinin açılması və Konstitusiyadakı ərazi iddialarını əks etdirən müddəaların aradan qaldırılması mühümdür. Deputat bildirib ki, bu iki məqamla bağlı proseslər başlayıb:
“TRIPP layihəsi ilə bağlı ABŞ-Ermənistan arasında işlər gedir. Yaxın günlərdə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri zamanı da bu məsələ müzakirə olunacaq. İndiyədək Ermənistana 7-8 mütəxəssis gəlib. Onlar yerində lazımi işləri görməlidirlər ki, proses sürətlənsin”.
Müsahibimiz Paşinyan Əbu-Dabidə olarkən ədliyyə nazirinin Konstitusiyanın yeni mətninin mart ayında dərc olunacağını dediyini xatırladıb. Musabəyova görə, bu, onu göstərir ki, Paşinyan hökuməti parlament seçkilərinə yeni və Azərbaycanın tələblərini əhatə edən Konstitusiya ilə getməyə hazırdır. Bu da sülh müqaviləsini imzalamaq üçün kifayət qədər zərurət yaradır.

Rasim Musabəyov, deputat
Deputat onu da qeyd edib ki, dövlətlərarası münasibətlərin qurulması vətəndaş cəmiyyətlərinin təmasına, hansı istiqamətdə irəliləməyin mümkün olmasına dair araşdırma aparmasına da yol açır:
“Çünki qarşılıqlı etimadı yaratmaq üçün bunlar önəmlidir. Etimadın yaradılması üçün ünsiyyətin qurulması vacibdir. Ümumən, əvvəlki yaraların örtülməsi üçün xeyli vaxt tələb olunacaq. Bunun üçün də dinamika dəyişməlidir”.
Aydın Baxış
Bakı 




