• Bakı 17° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

PKK problemi çözüldü: Həm Türkiyə, həm də Yaxın Şərq üçün yeni bir mərhələ

DÜNYA

12 May 2025 | 15:19

PKK problemi çözüldü: Həm Türkiyə, həm də Yaxın Şərq üçün yeni bir mərhələ

Xəbər verdiyimiz kimi, 1984-cü ildə yaradılan PKK terror təşkilatı özünün ləğv edildiyini elan edib.

Bakıvaxtı.az xəbər verir ki, terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib və qurultayda təşkilatın ləğvinə qərar verilib.

Maraqlıdır, PKK-nın ləğvindən sonra Türkiyədə daxili siyasətdə hansı dəyişikliklər baş verə bilər?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, PKK terror təşkilatı uzun illərdir ki, Türkiyənin əsas milli təhlükəsizlik problemləri sırasında yer alıb.

E.Xalidbəyli qeyd edib ki, ötən əsrin sonlarından bəri Türkiyə bu təşkilatla mübarizəyə milyardlarla dollar xərcləyib və xərcləməkdə davam edir.

Elçin Xalidbəyli, politoloq

PKK problemi ilə bağlı köklü həllin əldə olunması üçün real imkanların yalnız indi ortaya çıxdığını deyən politoloqun sözlərinə görə, uzun illər ərzində PKK bəzi Qərb ölkələri, xüsusilə də ABŞ tərəfindən dəstəklənib:

“Bayden administrasiyası dövründə Amerika Birləşmiş Ştatları PKK terror təşkilatını Suriyada əsas starateji müttəqfiqi elan etmişdi. Amerika PKK terror təşkilatına hərbi dəstək verirdi, silah-sursatla təmin edirdi və amerikalı hərbçilər PkK terrorçularına təlimlər keçirdilər”.

Bunun ABŞ və Türkiyə arasında ciddi fikir ayrılıqlarına səbəb olduğunu nəzərə çatdıran ekpert əlavə edib ki, Donald Trampın hakimiyyətə qayıtmasından sonra bu siyasət dəyişməyə başladı. ABŞ, PKK-nı açıq şəkildə dəstəkləməkdən geri çəkildi. Bununla da PKK-ya dəstək verən digər Türkiyə əleyhdarı qüvvələrin də təsiri zəiflədi:

“Ən əsası isə Suriyada Əsəd rejiminin devrilməsi PKK terror təşkilatını birbaşa hədəfə çevirmiş oldu. Nəticədə PKK təşkilatı anladı ki, belə bir stiuasiyada Türkiyə ilə silahlı qarşıdurma bu terror təşkilatının və onun üzvlərinin sonunu gətirə bilər. Gözlədikləri xarici dəstəyi də ala bilmədiklərindən, Türkiyənin silahları yerə qoymaq və özünü buraxmaq çağırışlarını qəbul etmək məcburiyyətində qaldılar”.

Politoloqun fikrincə, PKK-nın özünü ləğv etməsi həm Türkiyə, həm də bütün Yaxın Şərq üçün yeni və ümidverici bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Artıq Türkiyə onilliklərdir davam edən terror təhlükəsindən qurtulur və bütün diqqətini daxili sabitlik və iqtisadi inkişaf istiqamətinə yönəldə bilər.

“PKK-nın ləğvi, Türkiyənin regiondakı gücünü daha da artırmaqla yanaşı, onun Yaxın Şərqdə geopolitik oyunçu statusunu möhkəmləndirəcək. Həmçinin bu proses, Türkiyənin yeni dünya düzənində əsas qlobal siyasi iradə mərkəzlərindən birinə çevrilməsi üçün münbit zəmin yaradacaq.

Bütün bu hadisələr fonunda demək olar ki, PKK-nın tarix səhnəsindən silinməsi, Türkiyə üçün strateji və siyasi baxımdan son dərəcə əhəmiyyətli, cəlbedici və perspektivli yeni mərhələnin başlanğıcıdır”,- deyə Elçin Xalidbəyli fikrini tamamlayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR