• Bakı 28° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Prezident İngiltərənin yeni Baş nazirini təbrik etdi

SİYASƏT

21 Iyul 2026 | 09:44

Prezident İngiltərənin yeni Baş nazirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. bp şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurlu birgə fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələr arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, tərəfdaşlığımız daha da möhkəmlənəcək.

Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026