Futbol üzrə Dünya Çempionatı başa çatdı. Bir-iki günlük müzakirələrdən sonra bu çempionat da yaddan çıxacaq.
Amma əvvəlki illərdə keçirilən yarışlar futbola marağı olmayanları da cəb edirdi. Ümumiyyətlə, son illər futbolun əvvəlki illərdə yaratdığı həyəcanın və marağın müəyyən qədər azaldığı ilə bağlı fikirlər səsləndirilir. Buna səbəb nədir? “Günah” futboldadır, yoxsa cəmiyyətdə?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev bildirib ki, buna təsir edən bir çox amillər var. Onun sözlərinə görə, birincisi, insanların şəxsi həyatları və məişət çətinlikləri ilə daha çox məşğul olmasıdır. İnsanlar diqqətini və vaxtını daha çox özünə, ailəsinə və yaxınlarına ayırır, başqa şeylərə vaxt qalmır.
Müsahibimiz bildirib ki, millimizin uğursuz çıxışı da Azərbaycan azarkeşlərinini futbola olan marağını azaldır:
“Digər səbəb klublarımızda daha çox əcnəbi futbolçuların (legionerlərin) oynaması və azərbaycanlı futbolçuların azlığıdır. Limitin ləğvi də buna təsir etdi. Nəticədə azarkeşlik hissi də zəifləyir. İnsanlar sanki yerli komandaya deyil, xarici bir komandaya baxırlar”.
Şahin Diniyevin dediyinə görə, bəziləri deyə bilər ki, dünyada da futbola maraq azalıb:
“Məsələn, Dünya Çempionatında bütün stadionlar dolu idi, milyonlarla, milyardlarla insan oyunları izləyirdi. Bizim ölkədə isə vəziyyət fərqlidir”.
Şahin Diniyev: Yaşlı və orta nəsil daha çox futbolla böyüyən bir nəsil idi, indi isə...
Həmsöhbətimiz hesab edir ki, ümumilikdə, bu maraqsızlığa səbəb olan məqamlar çoxdur. Asudə vaxtın az olması da öz təsirini göstərir. Yaşlı və orta nəsil daha çox futbolla böyüyən bir nəsil idi.
Diniyev vurğulayıb ki, indiki yeni nəsil isə daha çox komüter oyunlarına, texnologiyaya və ya elmə, təhsilə meyillidir:
“Elmin ardınca qaçan yeni bir nəsil var. Bu da futbola marağın azalmasında mühüm məqamlardan biridir”.
Aynur Babazadə
Bakı 



