• Bakı 23° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Qarabağ beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilir - ŞƏRH

SİYASƏT

04 Iyul 2025 | 11:22

Qarabağ beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilir - ŞƏRH

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü Qarabağda sabitliyin, əməkdaşlığın və yeni iqtisadi çağırışların rəmzinə çevrilir. Azərbaycan ev sahibi kimi yalnız öz diplomatik çəkisini nümayiş etdirmir, həm də regionun davamlı inkişaf gündəliyinə real töhfələr verir.

Politoloq Züriyə Qarayeva sammitin əhəmiyyəti, yeni perspektivlər və gələcək addımlar barədə fikirlərini Bakıvaxtı.az-la bölüşür.

Onun sözlərinə görə, Xankəndidə zirvənin keçirilməsi regional mesaj baxımından çox önəmlidir. Müsahibimiz bildirib ki, şəhərin özü illərlə münaqişə ilə assosiasiya olunurdu. İndi isə orada yüksək səviyyəli beynəlxalq tədbir baş tutur. Bu, həm simvolik, həm də praktiki mesajdır: Qarabağ artıq əməkdaşlıq, yenidənqurma və birgə rifah məkanıdır.

- İƏT-in gündəliyində dayanıqlı inkişaf xüsusi yer tutur. Azərbaycanın bu sahədə təqdim etdiyi yeniliklərdən danışan Z.Qarayeva qeyd edib ki, yaşıl enerji zonaları və “ağıllı şəhər” konsepsiyaları təkcə ölkədaxili layihə deyil, üzv ölkələr üçün model rolunu oynayır. İƏT-in Təmiz Enerji Mərkəzinin Bakıda yerləşməsi də təsadüfi deyil - regionda enerji transformasiyasına yönəldilmiş koordinasiya mərkəzidir.

“Nəqliyyat-logistika xəritəsində Zəngəzur dəhlizinin açılması necə fərq yaradacaq” sualını cavablandıran politoloq bildirib ki, bu xətt Azərbaycanı Naxçıvanla birləşdirməklə kifayətlənməyəcək. Türkiyə və Mərkəzi Asiya ölkələri üçün də daha qısa marşrut imkanı yaradacaq, İƏT məkanında ticarət xərclərini aşağı salacaq və “3+3” formatına praktiki məna verəcək.

İştirakçı dövlətlərin Qarabağdakı bərpa prosesinə cəlbinə gəlincə, müsahibimiz vurğulayıb ki, artıq konkret nümunələr var: Özbəkistanın məktəb tikintisi, Qazaxıstanın bərpa layihələrinə texniki dəstək, Türkiyənin infrastruktur sahəsində böyük kontraktları. Zirvə həmin addımları koordinasiya etmək üçün platforma rolunu oynadı.

Züriyə Qarayeva: Qarabağ artıq əməkdaşlıq, yenidənqurma və birgə rifah məkanıdır

Sammitdə iqlim məsələlərinin müzakirəsi İƏT üçün yeni prioritet sayıla bilər. Z.Qarayevanın dediyinə görə, təşkilat tarixən enerji və ticarətə fokuslansa da, iqlim çağırışları hamımızı bir masaya toplayır. Qarabağda ekoloji bərpanın aparılması İƏT üçün presedent yaradır: sabitlik və ətraf mühit prioritetləri paralel yürüməlidir.

Həmsöhbətimiz Bakıda keçirilən əvvəlki iki zirvədə müxtəlif sənədlər - o cümlədən “2025-ci ilə qədər Perspektivlər” planı, məhz Azərbaycanın irəli sürdüyü istiqamətləri əhatə edir: rəqəmsallaşma, nəqliyyat dəhlizləri və təmiz enerji – qəbul edildiyini xatırladaraq burğulayıb ki, bu, liderlikdən daha çox əməli fəaliyyət nümunəsidir.

Qarayeva onu da qeyd edib ki, 44 günlük müharibədən sonra yaranan geosiyasi reallıq İƏT üçün yeni pəncərələr açdı. Onun sözlərinə görə, regionda sərhəd xəritəsi və nəqliyyat ssenariləri yenidən yazılır:

“İƏT ölkələri üçün bu, logistika baxımından riskləri azaltdı, yatırımların çəkiciliyini artırdı. “Aşqabad konsensusu”nda Azərbaycanın maraqlarını əks etdirən bəndlər yeni reallığın hüquqi əsasını möhkəmləndirdi”.

Qarabağda keçirilən bu sammitdən sonra regional əməkdaşlıqda hansı addımların atılacağına gəlincə, politoloq qeyd edib ki, ən qısa perspektivdə  nəqliyyat əlaqələrinin praktiki reallaşdırılması, “ağıllı şəhər” layihələrinə birgə investisiya fondu yaradılması və təhsil-mədəniyyət proqramlarının genişlənməsini gözləmək olar. Bu, təkcə hökumətlərarası deyil, biznes və vətəndaş cəmiyyəti səviyyəsində dəhşətli sinerji doğura bilər.

“Münaqişədən çıxmış bir ərazi qısa müddətdə beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilə bilər. Şərt real layihələr, inklüziv yanaşma və bölgə dövlətləri üçün ortaq mənfəət təmin etməkdir. Azərbaycanın təcrübəsi bunu sübut etdi”. Bunu isə Züriyə Qarayeva “Zirvənin əsas dərsi nə olacaq” sualına cavabında deyib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR