Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiyalar paketinə cavab olaraq ölkə ərazisinə girişi qadağan edilən Aİ vətəndaşlarının siyahısını genişləndirib.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi Avropa institutlarının, Avropa İttifaqına üzv ölkələrin və Brüsselin anti-Rusiya siyasətinə qoşulan bir sıra Avropa dövlətlərinin Rusiya ərazisinə girişi qadağan edilən nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib", - məlumatda bildirilib.
Söhbət Kiyevə hərbi yardım göstərilməsinə görə məsuliyyət daşıyan, Ukraynaya ikili təyinatlı məhsulların tədarükünün, eləcə də Baltik dənizində Rusiya gəmilərinin və yüklərinin hərəkətinin blokadasının təşkilində iştirak edən güc qurumlarının, dövlət və kommersiya təşkilatlarının əməkdaşlarından, Avropa İttifaqının üzvü olan ölkələrin və bir sıra digər Qərb dövlətlərinin vətəndaşlarından gedir.
RF XİN vurğulayıb ki, Avropa İttifaqının sonrakı sanksiya qərarlarına da vaxtında və adekvat cavab veriləcək.