Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan şirkət “AYŞƏN LTD” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Yol Polisi İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında protokol tərtib edərək Xəzər Rayon Məhkəməsinə göndərib.
İşə hakim Əkrəm Qəhrəmanovun sədrliyilə baxılacaq.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi ilə bağlıdır.
Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Ramid İbrahimov
















