Bu gün bir qrup vətəndaş SOCAR-ın inzibati binasının qarşısında toplaşaraq, işə bərpa olunmaq üçün müraciət ediblər. Onlar ixtisarların aparılmasından şikayətçi olduqlarını bildiriblər.
Məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Bakivaxti.az-a açıqlama verib.
“Həmin vətəndaşlar Zenit şirkətinin işçiləri olub. Həmin şirkət Muradxanlı, Cəfərli və Zərdab neft mədənlərinin ərazisində fəaliyyət göstərib, lakin öz öhdəliklərini yerinə yetirə bilmədiyinə görə ötən il Azərbaycanı tərk edib və mədənlər SOCAR-ın “Azneft” İB-nin sərəncamına qayıdıb. Zenit şirkətinin Azərbaycanı tərk etməsi nəticəsində işsiz qalmış işçiləri hazırda SOCAR-da işə qəbul olunub, bu sahədə öz fəaliyyətini davam etdirmək istəyirlər. Lakin, bu hadisələr ötən il pandemiya və OPEC+ tərəfindən hasilatın məhdudlaşdırılması ilə üst-üstə düşüb. Nəticədə nəinki Muradxanlı, SOCAR-ın quruda əvvəldən istismar etdiyi yataqların istismarı dayandırılıb, qazma işinin həcmi 3-4 dəfə azaldılıb və bu tədbirlərin nəticəsində şirkət həm də neft-qaz yataqlarının işlənməsi sahəsində dayanıqlığını təmin edə bildi. Əlbəttə, bir sahədə fəaliyyətlər azaldılırsa, bəzi işçilərin də fəaliyyətsiz qalması labüdləşir”,-deyə İ.Əhmədov bildirib.
SOCAR rəsmisi qeyd edib ki, hazırda SOCAR-da fəaliyyətsiz qalan işçilər xüsusi sosial proqrama cəlb olunur: “Həmin işçilərimiz hazırda işləməsələr də, SOCAR-dan əvvəlki əmək haqqlarının 50%-ni almağa davam edəcəklər, eyni zamanda şirkət onlara öz hesabına ixtisasartırma və ixtisasdəyişmə təlimləri keçirir. SOCAR kənardan işə qəbulu dayandırıb və şirkətin müxtəlif sahələrində işçi qüvvəsinə ehtiyac yarandıqca, yalnız özünün fəaliyyətsiz qalan işçiləri üçün yaranan vakansiyalara müraciət etmək imkanını açıq saxlayıb.
Zenit şirkətinin keçmiş işçilərinə gəldikdə isə, onlar SOCAR-ın işçiləri olmasalar da, şirkətdə onların da qanuni iradları araşdırılacaq, onlara maksimum mümkün dərəcədə kömək etmək üçün, qüvvədə olan qanunvericiliyə uyğun şəkildə, baxılacaq”.
Ramid İbrahimov
Bakivaxti.az



jpg-1623827894.webp)












