Bəşər Əsəd rejim dövründə hökumət ordusunda xidmət edən 13 nəfər suriyalı zabit və əsgərdən ibarət qrup Livanla sərhəddə ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyərkən saxlanılıb.
Bakıvaxtı.az "Elnashra" xəbər portalına istinadən xəbər verir ki, bu barədə Livanın təhlükəsizlik xidməti məlumat yayıb.
Məlumata görə, qaçan suriyalı əsgərlər Akkar sərhəd rayonunun Muşmiş kəndi yaxınlığında sərhədi keçən pikapda yerli sakinlər tərəfindən aşkar edilib. Qanunu pozanlar Livan sərhəd orqanlarına təhvil verilib.
Qeyd edək ki, dekabrın 28-də də Livan ərazisinə sığınmağa çalışan 67 keçmiş suriyalı zabit və əsgər Suriyaya deportasiya edilib. Onlar Livanın şimalındakı Əl-Arida keçid məntəqəsindən mühafizə altında vətənlərinə aparılaraq Suriya Keçid Hökuməti yanında Hərbi Əməliyyatlar Departamentinin nümayəndələrinə təhvil verilib.
Gülşən Şərif