• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Tarixi çatların üstündə körpülər qurulur? - Ekspertdən İranla bağlı AÇIQLAMA

SİYASƏT

16 Oktyabr 2024 | 15:53

Tarixi çatların üstündə körpülər qurulur? - Ekspertdən İranla bağlı AÇIQLAMA

İran prezidenti Məsud Pezeşkianın Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevi qəbul zamanı səsləndirdiyi “Azərbaycanla bağlı səhvlərimiz olub, amma Azərbaycana İran qədər ikinci yaxın olan ölkə yoxdur” ifadəsi iki ölkə arasındakı münasibətlərdə dərin mənalı bir etiraf kimi dəyərləndirilir.

Bu cümlə təkcə İrana yaxınlıq anlayışını əhatə etmir, eyni zamanda Tehran və Bakı arasında keçmişdə yaranmış fikir ayrılıqlarının, anlaşılmazlıqların da təsdiqidir. Pezeşkianın bu açıq bəyanatı, İranın regiondakı strateji məqsədlərinə işarə etməklə yanaşı, gələcəkdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylərin göstəricisi kimi də çıxış edir. Bu məqamda ortaya çıxan sual isə cəmiyyəti yetəri qədər düşünməyə sövq edir:

İranın etiraf etdiyi "səhvlər" hansı konkret nüansları əhatə edir və iki ölkə arasında həqiqi yaxınlaşmanın yolları hansılardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, İran-Azərbaycan münasibətlərindəki çatışmazlıqlar və ziddiyyətlərin əsas səbəbləri tarixi, coğrafi və siyasi amillərdən qaynaqlanır:

“Əslində bu etiraf üçün cənub qonşumuz gecikib, özü də çox. Azərbaycan plasdarm rolunu oynamır. İran unutmamalıdır ki, rəsmi Bakı hər cür təhlükəyə rəğmən daim riskli addım ataraq, öz ərazisindən cənub qonşusunun vurulmasına razılıq verməyəcəyini bəyan edib. Bunun üçün vaxtı ilə dünyanın əsas supergücü sayılan Amerikanı belə qarşısına alıb. Bunu heç bir ölkə etməzdi. Amma bunun əvəzini İran necə çıxır? Müsəlman ölkəsi olmasına baxmayaraq, Ermənistana tez-tez səfərlər təşkil edirlər. Amma buna baxmayaraq, Azərbaycan daim səbirli siyasət yürütdü. Hətta Vətən müharibəsində Tehran Ermənistan tərəfinə silahlar ötürsə də, Azərbaycan səbrini pozmadı. Bu gün isə yeni prezident artıq etiraflar edir. Nə qədər səmimi olub-olmadığı barədə indidən danışmaq tezdir. Amma ümid edək ki, gec də olsa, bu dəfə səmimidirlər”.

 

 

Cavanşir Abbaslı: Azərbaycan İranla münasibətlərdə balanslı siyasət yürüdərək regional sabitliyi qorumağa çalışır

Müsahibimizin sözlərinə görə, İran üçün Azərbaycanın strateji əhəmiyyəti təkcə coğrafi yaxınlıqla məhdudlaşmır; İranın şimalında böyük sayda azərbaycanlı icmanın mövcudluğu, hər iki ölkə arasındakı sosial və mədəni bağları da gücləndirir. C.Abbaslının fikrincə, İran bu vəziyyəti həm fürsət, həm də potensial təhdid kimi qiymətləndirir. Azərbaycan isə İranla münasibətlərdə balanslı siyasət yürüdərək regional sabitliyi qorumağa çalışır. Buna baxmayaraq, İranın bəzi dairələrində yaranan təzyiqlər və zaman-zaman sərgilənən sərt mövqelər, qarşılıqlı etimadı zəiflədən amillərdən biridir.

“İran regionun 3 böyük ölkəsindən biridir, Azərbaycan üçün də önəmi böyükdür. Təbii ki, regionumuzun poliqona çevrilməməsində cənub qonşumuzun da böyük rolu var. Rəsmi Bakı hər zaman Tehranla əlaqələrinə yüksək diqqət ayırıb. Hətta Tehrandakı diplomatik nümayəndəliyimizə hücumdan sonra Azərbaycan yenə də cənub qonşumuzla əlaqələri kəsmədi. Halbuki, buna tam haqqı çatırdı. Hələ də səfirliyimizə hücum edən terrorçu edam olunmayıb. İran tərəfi sözlərində səmimidirsə, öncə bu qərarı icra etməlidir. Əks təqdirdə ortada bir səmimiyyətin olmayacağı güzgü kimi aydın olacaq. İran uzun illərdir ki, sanksiyalar altındadır. Ona Azərbaycan kimi dövlətlə yaxın iqtisadi və siyasi əlaqələr qurmaq çox vacibdir. Görünür, Pezeşkian bunu anlamağa başlayıb. Hiss olunur ki, yeni prezident heç bir ölkə ilə əlaqələrdə problem yaşanmasını istəmir",- ekspert fikrini yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR