Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki açıqlanıb.
DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
Bəzi abituriyentlər bildirirlər ki, imtahanların bu qədər tez başlaması onları təlaşa salıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri qeyd edib ki, builki 11-ci siniflər buraxılış imtahanlarını martın 2 və 9-da verəcəklər. Düzdür, keçmiş illərə nisbətən bu il imtahan daha tez başlayır, lakin bir o qədər də fərq yoxdur:
"Bu zaman aralığının səbəbi odur ki, 11-ci siniflərin buraxılış imtahanlarından sonra 2 cəhddən ibarət blok imtahanları da var. Abituriyentlərin, valideynlərin, müəllimlərin təlaşı anlaşılandır, lakin DİM-in açıqladığı imtahan tarixi ən düzgün versiyadır".
Müsahibimiz hesab edir ki, buraxılış imtahanı martın axırı, aprelin əvvəlində olsa, çox ciddi problemlar yarana bilər. Onun sözlərinə görə, belə ki, blok imtahanları gecikə, bununla da universitetlərə qəbulun ixtisas seçimi də geriyə atıla bilər. İxtisas seçiminin gec başlaması ilə də avtomatik cavabların yoxlanmasıda ləngiyir və qəbul nəticələri gec açıqlanır:
"Ötən il yalnız bu prosedurların hamısı avqust ayının axırlarında güclə başa çatdı. İndi narahat olan abituriyent və valideynlər cavabların açıqlanması ərəfəsində daha çox stress və təlaş keçirdirlər. Bu səbəbdən buraxılış imtahanının mart ayının əvvəlində olması məcburiyyətdir".
Elmin Nuri: İmtahanların çətin olması, tez başlaması barədə fikirlər abituriyentləri stressə salır
Ekspert qeyd edir ki, artıq neçə ildir, buraxılış imtahanları demək olar eyni aralığda keçirilir. Uşaqlar bal da yığırlar, müəyyən göstəricilərlə universitetlərə də qəbul olurlar. Ona görə də, imtahanları tez başlamasının abituriyentlər üçün heç bir əngəli yoxdur.
"Hazırda şagirdlərin ən həssas dönəmləridir. Ətrafdan imtahanların çətin olması, tez başlaması barədə fikirlər onları daha da çox stressə salır”, - deyə Elmin Nuri qeyd edib.
Nuriyyə Musayeva