İranda ali dini lider Əli Xameneinin ölüm xəbəri yayıldı. Və ardınca da yayılan xəbərlər hələ təsdiqini tapmadı.
Bu tip məlumatların ortaya çıxması özü-özlüyündə siyasi hadisədir. Çünki İran kimi mərkəzləşdirilmiş və ideoloji əsaslı sistemlərdə liderin fiziki vəziyyəti təkcə şəxsi məsələ deyil, dövlətin sabitliyi, təhlükəsizlik arxitekturası və regional strategiya ilə birbaşa bağlıdır. Bu səbəbdən “ölüm xəbəri”nin doğru olub-olmamasından daha vacib olan məsələ onun hansı siyasi prosesin içində və hansı məqamda tirajlanmasıdır.
Hazırkı kontekstdə diqqət çəkən məqam İran daxilində mümkün hakimiyyət tranziti ilə bağlı müzakirələrin artıq açıq müstəviyə çıxmasıdır. Əli Laricaninin adının ön plana çəkilməsi təsadüfi deyil. Laricani sistemi içəridən tanıyan, həm təhlükəsizlik strukturları, həm də dini elita ilə işləyə bilən fiqur kimi təqdim olunur. Onun “keçid dövrünün idarəedicisi” kimi səhnəyə çıxarılması ehtimalı, əslində, klassik varis elan olunması modelindən fərqlidir. Bu, bir nəfərin taxta çıxarılması yox, sistemin dağılmadan növbəti mərhələyə ötürülməsi strategiyası ola bilər. İran modeli şəxsiyyət üzərində qurulsa da, dərin dövlət mexanizmi fərdi dəyişiklikləri amortizasiya etmək qabiliyyətinə malikdir. Laricani faktoru da məhz bu sabitləşdirici mexanizmin elementi kimi görünür.
Eyni zamanda, 26 fevralda Cenevrədə keçirilməsi planlaşdırılan görüş bu informasiyaların yayılmasını daha da həssas edir. İran-Qərb xəttində diplomatik təmasların intensivləşdiyi bir vaxtda liderin səhhəti və ya mümkün vəfatı ilə bağlı xəbər geosiyasi təsir alətinə çevrilə bilər. Əgər Tehran daxilində real tranzit hazırlığı gedirsə, Cenevrə görüşü yeni komandaya manevr sahəsi qazandırmaq üçün zaman pəncərəsi rolunu oynaya bilər. Əksinə, əgər bu şayiə xarici informasiya təzyiqinin məhsuludursa, o zaman məqsəd İranın danışıqlar mövqeyini zəiflətmək və daxili sabitlik görüntüsünü sarsıtmaqdır.
Burada üçüncü bir ehtimal da nəzərdən qaçmamalıdır: ölüm xəbəri real vəziyyətlə bağlı olmasa belə, hakimiyyət daxilində loyallıq testinə çevrilə bilər. Belə situasiyalarda hansı fiqurların önə çıxdığı, hansı institutların daha fəal davrandığı və hansı ritorikanın gücləndiyi diqqətlə izlənilir. İran siyasi sistemi üçün ən kritik məqam təkcə varisin kim olacağı deyil, keçid prosesində SEPAH, dini institutlar və hökumət qanadı arasında balansın necə qorunacağıdır. Əgər Laricani adı məqsədli şəkildə dövriyyəyə buraxılıbsa, bu, müəyyən qruplara “oyunun qaydası dəyişir” mesajı da ola bilər.
Nəticə etibarilə, Xameneinin ölümü ilə bağlı yayılan məlumatı sadəcə tibbi məsələ kimi oxumaq yanlış olardı. Bu, həm daxili hakimiyyət mexanizmlərinin, həm də beynəlxalq danışıqlar prosesinin iç-içə keçdiyi həssas mərhələyə təsadüf edir. 26 fevral Cenevrə görüşü öncəsi yaranan bu informasiya dalğası təsadüfi görünmür. Ya İran sistemi real tranzitə hazırlaşır və informasiyanı mərhələli şəkildə idarə edir, ya da regionda artan təzyiq fonunda informasiya müharibəsinin yeni raundu açılıb. Hər iki halda əsas sual dəyişməz qalır: İran post-Xamenei dövrünə nə qədər hazırdır və bu keçid regionun təhlükəsizlik balansını necə dəyişəcək?
Alim Nəsirov
Bakı 




