Son illər məktəblərdə kişi müəllimlərin sayının azlığından çox danışılır, bu məsələ ətrafında ciddi, geniş müzakirələr aparılır. Mövcud durumun gələcək nəsillərin tərbiyəsi və yetişməsi prosesinə mənfi təsirlərindən bəhs olunur.
Məlum tendensiyanın nüfuz etdiyi başqa bir sahə də var. Bu, jurnalistikadır. Son illər Azərbaycan mediasında da kişi yazarların sayı azalmaqdadır. Bunun səbəblərinə dair müxtəlif yanaşmalar ortaya qoyulur.
Maraqlıdır, görəsən kişilər niyə jurnalistikadan perik düşürlər?

Qabil Abbasoğlu: Jurnalistikanın gündəlik, tələb və xarakteri dəyişib, bu mənada media daha çox xanımların işləməsi üçün optimal sahəyə çevrilib
Sualımızı cavablandıran Əməkdar jurnalist, Pressklub.az saytının baş redaktoru Qabil Abbasoğlu Bakıvaxtı.az-a söyləyib ki, bu, təkcə Azərbaycana aid olan hal deyil, məlum proses qlobal miqyasda gedir. Onun sözlərinə görə, bunun bir neçə səbəbi mövcuddur:
“Birincisi, jurnalistika peşəsi qadınlar üçün daha əlçatan olub. Bu işin təhsil tərəfi var. Konkret halda Azərbaycandan danışsaq, əvvəllər qadınların jurnalistikada çalışması ilə bağlı mental çərçivə vardı. Bu, sovet dövründən qalma bir yanaşma idi. Jurnalistika inzibati iş, partiya işi sayılırdı. Ondan sonra isə yeni dövr media yaranırdı, müstəqil Azərbaycan dövləti yaranmışdı və jurnalistika döyüşkən bir peşəyə çevilmişdi. Bu dövrdə xanımların mediaya gəlişində şərait və jurnalistikanın tələbləri ilə bağlı bəzi baryerlər vardı. İndi o baryerlər aradan qalxıb, xanımlarımızın jurnalistikaya gəlişində xüsusi bir maneə , çərçivə qalmayıb. Bu, bizim yerli vəziyyətə aiddir”.
Qlobal mediadakı duruma diqqət çəkən Əməkdar jurnalist qeyd edib ki, qlobal məkanda gender siyasətinin gətirdiyi nəticələr var:
“Dünyada xanımların istənilən sahədə önə çəkilməsi və ya kişilərlə bərabər təmsilçilik faizinə sahib olması kimi gender amilinin təsirləri mövcuddur”.
Q.Abbasoğlu hesab edir ki, qadın jurnalistlərin sayının artmasının başqa bir səbəbi də uğurlu xanım jurnalistlərin yetişməsidir:
“Xanımlar, qızlar həmin nümunələrə baxıb, bu peşəyə sahiblənmək istəyirlər. Bu, xanımların jurnalistikaya gəlişini stimullaşdıran səbəblərdən biridir”.
Müsahibimiz düşünür ki, jurnalistikanın gündəlik, tələb və xarakteri dəyişib və bu mənada media daha çox xanımların işləməsi üçün optimal sahəyə çevrilib:
“Əvvəllər mediada daha sərt, kişi xarakterinə uyğun mövzular vardı. Söhbət, ağır siyasi, hərbi mövzulardan gedir. Bunlar qadın yanaşmasına çox da uyğun olmayan mövzulardır. Amma getdikcə həm qlobal miqyasda, həm də Azərbaycanın özündə mənzərə və siyasət dəyişir. Ölkəmiz də o qlobal tendensiyanın içərisindədir”.
Qabil Abbasoğlu qeyd edib ki, indi medianın gündəmini daha çox humanitar, daha empatiya, texnologiya, kommunikasiya, müasir fəaliyyət sahələri, ağıllı texnologiyaların inkişafı kimi mövzular təşkil edir. Bu mövzular da cinslər arasındakı fərqi azaldıb, minimuma endirir, bəzən isə yoxa çıxarır:
“Yəni belə demək mümkünsə, jurnalistikamız qadınçı xarakter alıb. Bu, dünyada da belədir. Sizin suala cavab vermək üçün kiçik bir araşdırma apardım. Məlum oldu ki, bu tendensiya Amerikada da, Avropada da mövcuddur. Yəni təkcə bizimlə bağlı məsələ deyil. Sadəcə Azərbaycandakı səbəblər mənim sadaladıqlarımdır”.
Əməkdar jurnalistin qənaətincə, kişi jurnalistlərin sayının azalmasını maddi təminatla əsaslandırmaq o qədər adekvat deyil:
“İndiki halda ailə dolandıran xanımlarımız da çoxdur. Xanımlarımız daha müstəqil olublar ki, bu hal sevindiricidir. Onlar da ailə dolandırırlar. Maddi təminat məsələsində kişi və ya qadın ayrımçılığı qoymaq o qədər uğurlu arqument deyil”.
“Müsahiblər və reklamçıların xanım jurnalistlərlə daha rahat “dil tapmasının” səbəblərinə dair sualımıza diqqət çəkən Q.Abbasoğlu vurğulayıb ki, xanım jurnalistlərlə daha rahat münasibət quran reklamçılar da, müsahiblər də haqlıdırlar:
“Bizim gözəl, zərif nümayəndələrimiz var. Qadın həm də gözəllik simvoludur, söhbətimiz də elə vaxtda düşdü ki, qarşıdan 8 Mart-Beynəlxalq Qadınlar Günü gəlir. Bu münasibətlə də xanımlarımızı təbrik edirəm. Hesab edirəm ki, qadınların təkcə jurnalistikada deyil, bütün peşə sahələrində irəliləməsi cəmiyyətimizin uğurudur. O xanımlar bizim övladlarımızı yetişdirir, gələcəyimizi qururlar. Bütün xanım həmkarlara uğurlar arzu edirəm. Bu sahəyə daha çox gəlsinlər və kişiləri üstələsinlər”.

Məlahət Rzayeva: Maddiyyat kişi jurnalistlərin media sahəsində uzun müddət dayana bilməyəcəyi gerçəyini ortaya qoyur
“Şərq” qəzetinin əməkdaşı, tanınmış jurnalist Məlahət Rzayeva da Bakıvaxtı.az-a bildirib ki, mediamızın problemləri sırasında kişi-qadın jurnalistlər nisbəti məsələsi sonuncu deyil, amma birinci də sayılmaz:
“Bu problem var və gözlə görünəndir. Son illərdə kişi jurnalistlərin mediadan uzaqlaşması prosesi gedir. Səbəbi əsasən maddiyyatda göstərirlər. Təbii, hazırkı yaşayış səviyyəsini ödəmək üçün daha çox gəlirə, qazanca ehtiyac var. Medianın hazırkı durumunda bunu realizə etmək heç də hamıya nəsib olmur. Məsələ kiminsə peşəkar, bacarıqlı, hətta “ultra” bacarıqlı, kiminsə “əfəl” olmasında deyil. Ümumən maddi imkanların qısıtlı olmasındadır. Hazırda mediada çalışan həmkarlarımızın ortalama əmək haqqı 500-1500 civarında olar, məncə. 3-4 nəfərlik ailəsi olanların bu əmək haqqı ilə ev-eşiyini normal dolandıra bilməsi mümkünsüzdür”.
M.Rzayeva söyləyib ki, subaylar üçünsə vəziyyət lap dəhşətdir:
“Məşədi İbad demişkən, “hələ bunun bir aləm toy xərci var...” Daha çox əmək haqqı alanlar və ya qazananlar rəhbər vəzifələrdə olanlar, həmçinin internet televiziyalarını, “YouTube” və digər platformalar üzərindən edilən paylaşımlardan qazanc əldə edənlərdir. Hamımız da bilirik ki, izləyici, baxış sayı qalmaqallara, üzr istəyirəm, söyüşə, təhqirə, ittiham xarakterli paylaşımlara gəlir. Günümüzün reallığı, nə acı ki, məhz budur. Mənzərənin özü tam bilgi verir. Bu vəziyyətdə kişi jurnalistlərin media sahəsində uzun müddət dayana bilməyəcəyi gerçəyini ortaya qoyur. Tanıdığımız, təcrübəsinə, peşəkarlığına şübhə olmayan həmkarlarımız arasında mediaya əlvida edənlər çoxalıb”.
Həmsöhbətimiz hesab edir ki, zatən ChatCPT real jurnalistikanı sıradan çıxarır:
“Bizdə hər sahə belədir. Feysbukun həyatımıza daxil olmağa başladığı zamanlarda ziyalılar deyirdi ki, bu platformadan ciddi müzakirələr, əsaslı problemlərin işıqlandırılması üçün istifadə edilməlidir, amma nə oldu? Feysbuk mətbəx söhbətlərinin geniş masasına çevrildi. Biri qurddan yazır, biri quşdan. Digər rəqəmsal platformalar da həmçinin. Şəxsi münasibətlərin saf-çürük edilməsi poliqonudur. ChatGPT də indi jurnalistlərin əvəzinə “işlədilir”. Belə mediada maraq, həvəs əlbəttə olmayacaq”.

Eldəniz Vəliyev: Jurnalistikada elə məqamlar var ki, orada qadınları ya ailəli olması, ya da qadın faktoru baxımından işlətmək çətin olur
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, tanınmış jurnalist Eldəniz Vəliyev isə hesab edir ki, jurnalistikada kişi jurnalistlərin sayının azalması ilk növbədə maliyyə məsələsi ilə bağlıdır:
“Təcrübə və müşahidələrimə əsaslanıb deyirəm ki, məvacib yüksək səviyyədə olmadığına görə, kişilər mediaya gəlmirlər. Ailənin saxlanılması və maddi təminatı üçün kişinin öhdəliyi qadına nisbətdə daha çoxdur. Kişinin mediada qazandığı pul onun ailəsini dolandırmağa və ya istədiyi kimi dolandırmağa yetmir. Bu mənada kişi jurnalistlərin də sayı azalır. Cəmiyyət olaraq dünənə qədər həyəcan təbili çalırdıq ki, kişi müəllimlərin sayı azalır və bu, oğlan uşqlarının tərbiyəsinə mənfi təsir göstərir. Şəxsən Eldəniz Vəliyev olaraq, vətəndaş olaraq qadınların ictimai iştirakçılığa, iş dünyasına inteqrasiyası məni sevindirir. 10-15 il keçmişə nəzərən indi dövlət orqanlarında yüksək vəzifələr tutan qadınların sayında xeyli artım var. Qadın da, kişi də bərabərhüquqludur və biz də hüquqi dövlətdə yaşayırıq. Gender bərabərliyi bütün hallarda qorunmalıdır. Bu proseslər məni sevindirir”.
Mövzu ilə bağlı həmsöhbətimiz diqqətə çatdırır ki, jurnalist kişilərin kəskin şəkildə azalması bir vətəndaş, media mənsubu olaraq onu narahat edir:
“Qadın jurnalistlər var ki, onları kişi jurnalistlərə örnək gətirə bilərəm. Amma kişilərin bu sahəyə marağının azalması məni narahat edir. Elə hallar olur ki, qadınlar bəzi reportajlara gedə bilmir, bir sıra məkanlara daxil ola bilmir və ya daxil olması uyğun olmur, amma kişi reportyorlar istənilən məkanlara, istənilən saatda daxil ola bilirlər. Kişi jurnalistlərin bu konteksdə redaksiyanın tapşırığına göndərilməsi daha faydalıdır, nəinki qadınların”.
Eldəniz Vəliyev hesab edir ki, qadınlarla kişilərin məsələlərə yanaşmasında da fərqlər var:
“Bunu inkar edə bilmərik. Qadınları torpağa bağlayırıq. Onları vətənlə bağlayırıq, Ana Vətən deyirik. Amma ümumilikdə, mövcud hal müəyyən narahatlıq yaradır. Bəzən qadınlara xitabən deyilir ki, əgər siz hansısa bir mərtəbəyə iddialısınızsa, 124 min peyğəmbərin heç olmasa, biri qadın olardı, bir tərəfdən də təsəlli üçün deyirik ki, o 124 min peyğəmbəri də dünyaya gətirən qadındır. Və qadınları istənilən halda cəmiyyətin vacib tərkib hissəsi kimi öndə tuturuq. Bununla belə, jurnalistikada elə məqamlar var ki, orada qadınları ya ailəli olması, ya da qadın faktoru baxımından tapşırığa göndərmək çətin olur. Bu mənada qadınların jurnalistikaya daha çox meyl göstərməsini iş tapmağın çətinliyi və jurnalistikaya gəlməyin daha asan olmağı ilə izah edərdim. Bir az kobud səslənsə də, bəzi media rəhbərlərinin ucuz işçi tipi yanaşmaları da var. Bir istedadlı kişi jurnalistə verilən məbləğlə 3-4 qadın jurnalist işlətmək həmin baş redaktorlar üçün daha uyğundur. Nəticədə peşəkarlıq aşağı düşür, bu hal proffesionnallığa təsir göstərir”.
Həmkarımızın qənaətinə görə, televiziya, radio, yazılı və onlayn mediada azad reklam bazarı formalaşsa, media quruluşları daha sanballı jurnalistlər cəlb edib işləyə bilərlər:
“Reklam bazarında özünə yer tapa bilməyənlər isə sıradan çıxacaqlar. Bu da normal haldır. Ümumilikdə isə cəmiyyətdə qadınların aktivliyi, yüksək vəzifələrə çəkilməsi məni sevindirir”.
Aydın Baxış
Bakı 




