• Bakı C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Üç qardaş ölkənin “yaşıl enerji” sahəsində ittifaqı

CƏMİYYƏT

28 Noyabr 2024 | 11:52

Üç qardaş ölkənin “yaşıl enerji” sahəsində ittifaqı

2024-cü il noyabrın 13-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında üçtərəfli görüşün nəticəsində tərəflər arasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanıb.

Bu saziş üç ölkənin enerji sektorunda əməkdaşlıq çərçivəsini genişləndirir və regionda yaşıl enerji sahəsinin inkişafına dair güclü bir iradəni nümayiş etdirir. Sazişin əsas məqsədi bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirmək, ətraf mühitin qorunmasına töhfə vermək və regional enerji təhlükəsizliyini təmin etməkdir.

Sazişin əsas hədəfi Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın yaşıl enerji sahəsində birgə fəaliyyətini və təcrübə mübadiləsini inkişaf etdirməkdir. Tərəflər bu əməkdaşlıq vasitəsilə bərpa olunan enerji mənbələrindən, xüsusilə günəş və külək enerjisindən daha səmərəli istifadə etməyi və regional enerji şəbəkələri arasında əlaqələri gücləndirməyi planlaşdırır.

Azərbaycan bu sazişin mərkəzində duraraq özünün enerji sahəsindəki geniş potensialını və strateji mövqeyini təklif edir. Bakı həmçinin Avropaya enerji ötürülməsi baxımından mühüm bir tranzit məntəqəsi olaraq bərpa olunan enerji resurslarının ötürülməsi sahəsində əhəmiyyətli bir rol oynayacaq. Qazaxıstan və Özbəkistan dövlətləri də öz təbii sərvətləri və enerji potensialı ilə bu təşəbbüsə böyük töhfə verə bilərlər. Hər iki ölkə güclü günəş və külək enerjisi potensialına malikdir və bu sahədə daha çox sərmayə cəlb etmək niyyətindədir.

Yaşıl enerji sahəsindəki bu əməkdaşlıq yalnız enerji sektorunu deyil, həm də bu ölkələr arasında ticarət və nəqliyyat sahələrindəki əlaqələri də gücləndirəcək. Saziş üç ölkə arasında enerji ötürülməsi üçün yeni infrastruktur layihələrinin həyata keçirilməsini və mövcud nəqliyyat şəbəkələrinin genişləndirilməsini nəzərdə tutur.

Yaşıl enerjinin istehsal və ötürülməsi üçün regional əlaqələrin inkişafı enerji xərclərinin azaldılması və ətraf mühitə olan təsirin minimuma endirilməsi məqsədini güdür və bu da həmin ölkələrə beynəlxalq enerji bazarında daha rəqabətədavamlı mövqe tutmağa imkan verəcək.

Bu saziş tərəfadaş dövlətlərə yalnız iqtisadi deyil, həm də ekoloji faydalar təmin edəcək. Üç ölkənin yaşıl enerji sahəsində birgə fəaliyyəti karbon emissiyalarını azaltmaq və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində mühüm addım olacaq. Bununla yanaşı, regionda enerji təhlükəsizliyinin artırılması enerji təchizatının dayanıqlı və davamlı olması üçün mühüm bir rol oynayacaq. Sazişin digər mühüm tərəfi isə enerji sektorunda innovativ texnologiyaların tətbiqi və təcrübə mübadiləsidir. Müasir texnologiyaların tətbiqi ilə enerji istehsalı və ötürülməsi bu sahədə səmərəliliyi artırmağa kömək edəcək.

Şəbnəm Zeynalova

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR