• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Üçüncü Dünya müharibəsi açıq elan olunmasa da... - Elmar Məmmədyarovla MÜSAHİBƏ

MÜSAHİBƏ

16 Dekabr 2024 | 13:11

Üçüncü Dünya müharibəsi açıq elan olunmasa da... - Elmar Məmmədyarovla MÜSAHİBƏ

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Bakıvaxtı.az-a müsahibə verib.

Onunla apardığımız müzakirəni təqdim edirik.

Bütün cəbhələrdə Rusiya-Qərb qarşıdurması yaşanır

- Suriya, Ukrayna və Gürcüstan cəbhəsində Qərb orbiti ilə Rusiya savaşır, Ukrayna və Gürcüstan cəbhəsində qalib və məğlub tərəf məlum deyil, amma Suriya cəbhəsində Qərb qalib gəldi desək, yanılmarıq. Bütün bunlar düşünməyə əsas verirmi ki, III Dünya Savaşı artıq başlayıb?

- Tam haqlısınız. Dünyadakı münaqişə ocaqlarını sıralayanda aydın müşahidə etmək olur ki, bütün cəbhələrdə Rusiya-Qərb qarşıdurması yaşanır. Gürcüstan, Suriya və Ukrayna cəbhəsində Qərbin, Cənubi Qafqazda isə Qərbin dəstəyi ilə Ermənistanın Rusiyaya qarşı çıxması deməyə əsas verir ki, Qərb ABŞ və Avropa İttifaqı Rusiyanın nüfuzunu zəiflətməyə çalışır.

Düzünü deyim ki, III Dünya müharibəsi açıq elan olunmasa da, sivilizasiya toqquşmaları çoxdan başlanıb. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, SSRİ dağılandan sonra dünya yeni bir mərhələyə qədəm qoydu. II Dünya müharibəsində ABŞ, İngilətərə, Rusiya və başqaları Almaniyaya qarşı idilər. Onlar Almaniyanı kapitulyasiyaya məcbur etdilər. Ondan sonra ABŞ və Rusiya arasında soyuq müharibə başladı. SSRİ 1990-cı ildə dağıldı. Bir boşluq yarandı. Əvvəl Qərb düşünürdü ki, indi onların dövranıdır, hər bir ölkəni idarə edə bilərlər. Amma buna güclərimi çatmadı, ağıllarımı çatmadı, bunun səbəbini ekspertlər düşünsünlər. SSRİ dağılandan sonra vakum yarandı. Vakum yarananda belə bir xoşagəlməz tendensiyalar başladı.

- Nə kimi xoşagəlməz proseslər?

- Məsələn, Yaxın Şərqi dağıtmağa başladılar. Liviyadan tutmuş İraqa qədər parçaladılar.

- Bu ölkələri Qərb parçaladı, yoxsa Rusiya?

- Bunda hər iki qütb maraqlı idi. Burada İsrail və Türkiyənin də maraqları vardı. SSRİ olanda kürd terroristləri Suriya və İraqda təcrübə keçirdilər. Amma indiki zamanda inanmıram ki, Suriya məsələsi belə asanlıqla həll olunsun. Çünki Suriya Liviya və İraq yolunu tutdu.

- Suriya məsələsində Türkiyə qalib ayrıldı?

- Suriya rəsmi şəkildə ərazi bütövlüyünü elan etsə də, Liviya və İraq yolu ilə getdi. Rəsmi şəkildə hər bir ölkə bəyan edəcək ki, bu ölkənin əraz bütövlüyünü tanıyır, amma Türkiyə Hələb tərəfdə öz mövqeyini gücləndirəcək. Amerika da kürdlərə yenə dəstək verəcək. İran da öz nüfuzunu azaltmaq istəməyəcək, İsrail də elan edib ki, artıq Suriyanın cənub hissəsində özünə bufer zona yaradır. Çünki oradan İsrailə hücuma keçirdilər. Rusiya isə dünən elan edib ki, onlar artıq yeni hakimiyyətlə danışıqlar aparırlar. Suriya rəsmi şəkildə deyil, qeyri-rəsmi olaraq, parçlanacaq, yəni İraq və Liviyanın gününə düşəcək.

Gürcüstanın rəhbərliyinə kim gəlir-gəlsin, inanmıram ki, o...

 - Bir az da Gürcüstandakı proseslərə diqqət çəkək. Bu ölkədəki gedişat hansı məcraya yönələ bilər?

- Öncə deyim ki, Gürcüstan Azərbaycan üçün çox önəmlidir. Orada toqquşmalar davam etdirilsə, bu, xoşagəlməz ssenari olacaq.

- Gürcüstandakı qarışıq, qeyri-müəyyən durumun Azərbaycana təsirləri nələrdən ibarətdir?

- Azərbaycanın Qərbə gedən yolları, Türkiyə ilə bağlantısı Gürcüstandan keçir. Həm neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Ceyhan və s. yollar Gürcüstandan keçir. Gürcüstanın rəhbərliyinə kim gəlir-gəlsin, inanmıram ki, o, Azərbaycana qarşı mövqe sərgiləsin. Bütün hallarda stabillik çox önəmlidir.

- Gürcüstan hökuməti 2028-ci ilə qədər Qərbə inteqrasiya prosesinin ertələnməsi məsələsinə toxunan kimi, Qərb bu ölkədə öz qüvvələrini aktivləşdirdi və aksiyalar başladı. Proseslər nə ilə nəticələnə bilər?

- Gürcüstan artıq yeni prezidentini seçib. Dekabrın 29-da inauqurasiya baş tutacaq. İnqilab üçün ordu və polis qüvvələrinin kimin yanında dayanması əsas məqamdır.

Ermənistan konstitusiyaya dəyişiklik etməsə, sülh sazişi imzalamağın mənası yoxdur

- Rusiya-Ukrayna müharibəsinin aqibəti necə olacaq?

- Burada çox şey Trampdan asılıdır. Qoy Tramp Ağ Evə gəlsin, ondan sonra daha dəqiq şərhlər vermək olar.

- Dünyanın başı özünə qarışıb. Belə olan halda Azərbaycan Erməsnitanla sülhə məcbur edə bilərmi?

- Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib. Türkiyə ilə qardaşlıq, Rusiya və İranla yaxşı qonşuluq siyasəti aparırıq. İndi Gürcüstankı vəziyyət sakitləşəndən sonra Gürcüstanla Azərbaycan arasındakı qonşuluq siyasətinə də baxılacaq. Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi gec-tez imzalanacaq. Sadəcə zamana ehtiyac var. Sülh sazişi imzalansa, bu, yaxşıdır, imzalanmasa, indiyə qədər necə yaşamışıqsa, elə də davam edə bilərik. 30 il sülh sazişi olmadan yaşamışıq. Bir 30 il də yaşaya bilərik.

Ermənistan konstitusiyaya dəyişiklik etməsə, sülh sazişi imzalamağın mənası yoxdur. Biz bu sazişi Paşinyanla deyil, Ermənistanla imzalayarıq. Konstitusiyaya dəyişiklik olmasa, Paşinyan gedəndən sonra onun yerinə gələn adam bağlanılan sülh sazişini sual altına qoya bilər. Konstitusiya məhkəməsinə müraciət edəcək, onlar da deyəcəklər ki, bu, konstitusiyaya ziddir.

- Ermənistan yekun sülhə gəlməsə, onu eksalasiya yolu ilə sülhə məcbur etmək mümkündürmü?

- Ən yaxşı variant hərbi variant deyil, yumşaq gücdür. Yumşaq güc dedikdə iqtisadi məsələləri nəzərdə tutram.

- Zəngəzur dəhlizi məsələsi də hələ ki həllini tapmır qalır…

- O da gec-tez həll olunacaq. Burada dəmir yolu və avtomobil yolu tikmək problem deyil. Problem təhlükəsizliyin təmin olunmasıdır. Sovet dövründə belə sərhədçilər qatara daxil olub, təhlükəsizlik qaydalarını yoxlayırdılar. Bu SSRİ dövründə belə idi. Bir nəfər azərbaycanlı qatarla və avtombillə Naxçıvana getmək istəsə, onun təhlükəsizliyinə kim təminat verəcək? Öncə Paşinyan bildirdi ki, özləri bunu təmin edə bilərlər, sonra Rusiya bildirdi ki, onlar təmin edə bilərlər.

- Rəsmi Paris iddia edir ki, bu təhlükəsizliyi Fransa da təmin edə bilər…

- Avropa İttifaqı öz müşahidəçilərini Azərbaycanla Ermənistanın şərti səhədinə yerləşdirib. Amma onların istəyi baş tutmayacaq. Ermənistan Fransaya “qucaq aça bilməyəcək”.

- Niyə?

- Çünki Ermənistan nə qədər Rusiyaya qarşı çıxsa da, ən azı 50 il Rusiyadan asılı qalacaq. Ortada iqtisadiyyat məsələsi var. Ermənistandakı dəmir yollarından tutmuş, Metsamora qədər, banklar hamısı Rusiyanın əlindədir. Ermənistanda ixracatın 83 faizi Rusiya ilə bağlıdır. Rusiya olmasa, Ermənistan acından öləcək. Hələ Ermənistandakı Rusiya hərbi bazası və hərbçilərini demirəm. Rusiya Ermənistana çox böyük təzyiqlər göstər bilər. Rusiyanın əlində çoxsaylı təzyiq alətləri var.

Aydın Baxış


SON XƏBƏRLƏR