Paytaxt Bakıda nəqliyyat sıxlığı, xüsusilə də səhər və axşam saatlarında yəni tələbə və işçi axınının ən çox olduğu vaxtlarda ciddi şəkildə artır. Metro və avtobuslarda sıxlıq, yollarda uzun tıxaclar insanların əsas problemlərindən birinə çevrilib.
Bəzi vətəndaşlar sosial şəbəkələrdə təklif irəli sürürlər ki, eyni ərazidə yerləşən universitetlər öz aralarında məsləhətləşmə apararaq dərs cədvəllərini uyğunlaşdırsınlar və 4 günlük dərs sisteminə keçid etsinlər. Məsələn, bildirilir ki, metronun “Elmlər Akademiyası”, “28 May” stansiyaları tərəfdə yerləşən ali təhsil ocaqları həftənin fərqli günlərini istirahət günü elan etsələr, bu, şəhərdəki insan sıxlığını azaldar.
Bəs, maraqlıdır, bu sistem real olaraq tətbiq oluna bilərmi?
Bakıvaxtı.az məsələ ilə bağlı bəzi universitetlərlə əlaqə saxlamağa çalışıb.
Bakı Dövlət Universitetindən saytımıza bildirilib ki, ixtisasların bir çoxunda dərs günləri 4 günü əhatə edir.
Azərbaycan Dövlət İqtisad Universitetindən də Bakıvaxtı.az-a verilən məlumata görə, rəsmi olaraq bakalavrların dərsləri həftədə 4 gündür. Hətta bəzən 3 gün də ola bilir.
Azərbaycan Texniki Universitetində hazırda 5 günlük tədris sistemidir. “Hər hansı yenilik olarsa, ictimaiyyətlə bölüşəcəyik”, - saytımıza bildirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirilib ki, 4 günlük tədrisin tətbiqi ilə bağlı hər hansı məlumat verilməyib.
Azərbaycan Dillər Universitetindən də verilən açıqlamaya görə, məsələ ilə bağlı hər hansı məlumat yoxdur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə hesab edir ki, universitetlərdə bəzi ixtisaslar üzrə 5 günlük təhsil formatının 4 günlüklə əvəzlənməsinə sırf təhsilin çağdaş tələbləri və hədəfləri konseptindən yanaşmaq lazımdır.
Elmin Nuri, təhsil məsələləri üzrə tədqiqatçı
Onun sözlərinə görə, çağdaş dünyanın ali təhsil mənzərəsi yalnız auditoriyalarda əyləşərək, professor-müəllimlərin mühazirələrinin dinlənilməsini, tələbənin ixtisası istiqamətində daha çox nəzəri müddəalarla yüklənməsini qəti təqdir etmir.
Ekspert hesab edir ki, proseslərə yanaşmada daha sərbəst, innovativ meyarların tətbiqi üçün ənənəvi tədrisin başqa elementlərlə müəyyən dərəcədə əvəzlənməsi vacibdir.
Müsahibimiz vurğulayıb ki, dünya təcrübəsində bu ənənədən artıq uzun müddətdir istifadə edilir.
E.Nuri izah edib ki, 5 günlük tədris müddəti 4, bəzən hətta 3 günlük etapla ona görə əvəzlənir ki, tələbələr auditoriyalara sərf etmədikləri saatları öz ixtisasları istiqamətində daha innovativ məsələlərə sərf etsinlər. Bu məsələlərin başında isə tədqiqatyönümlü layihələr, yaradıcı prinsiplərin praktikada tətbiqləri, istehsalatla əlaqələrin gücləndirilməsi və s. gəlir:
“Bütün bunlar onu göstərir ki, bəzi ixtisaslarda tədris 4 günlüyə keçirilməyib, sadəcə onun formatı dəyişib, bir gün ənənəvi klassik pedaqoji tədrisə yox, praktiki, innovativ məsələlərə həsr edilib”.
Elmin Nuri bizdə də yanaşmanın tələbələr, eləcə də universitet tərəfindən reallıqda da məhz bu cür olmasını arzu edir:
“Məsələn, Bakı Dövlət Universiteti bəzi ixtisaslarda 4 günlük tədrisi tətbiq edibsə, orada oxuyan tələbələr həmin günü özləri üçün sərbəst yaradıcılıq günü kimi qəbul edib, o cür də dəyərləndirsinlər”.
Dediyinə görə, bizdə isə vəziyyət və yanaşma tam fərqlidir. Ekspert bildirib ki, bəzi hallarda 4 günlük tədrisə keçidin nəqliyyat amilinə, sıxlığa təsir baxımından dəyərləndirilməsi məsələni birbaşa öz kontekstindən çıxarmaqdır:
“Əvvəlcə onu deyim ki,bu modelin tətbiqinin nəqliyyat və tələbə sıxlığı məsələsinə nə qəti aidliyi var, nə də bir realizə formulu. Məsələ sadəcə tədrisin innovativ keyfiyyətini artırmaq üçün tətbiq edilən modeldir. Biz bu model və onun praktiki yönləri istiqamətində tələbələr üçün təbliğat və maarifləndirmə işləri aparmalıyıq”.
Mina Mikayılova