“İranda baş verənlər adi sosial narazılıq dalğası deyil”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Əsədli deyib.
Onun sözlərinə görə, bu proses artıq ölkənin siyasi əsaslarını silkələyən, legitimlik böhranını açıq şəkildə üzə çıxaran genişmiqyaslı xalq hərəkatına çevrilib:
“Müşahidəçilərin və yerli mənbələrin təsdiqinə görə, hazırda davam edən etirazlar İran tarixində son 30 ildə baş vermiş ən böyük və ən uzunmüddətli aksiyalardır. Aksiyalar yalnız miqyasına görə deyil, coğrafiyasının genişliyi, davamlılığı və ideoloji dərinliyi baxımından da əvvəlkilərdən köklü şəkildə fərqlənir. Artan inflyasiya, işsizlik, sosial bərabərsizliyin dərinləşməsi, qadınlara və gənclərə qarşı sərt repressiyalar illərlə yığılan narazılığı partlayış nöqtəsinə çatdırıb. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi, ölüm hallarının artması və kütləvi həbslər isə prosesi dayandırmaq əvəzinə daha da radikallaşdırıb”.
Müsahibimizə görə, hadisələrin gedişi göstərir ki, mərkəzi hakimiyyət küçələrdə baş verənləri nəzarətdə saxlamaq imkanlarını getdikcə itirir. Etirazların diqqətçəkən tərəflərindən biri onların yalnız İran daxilində məhdudlaşmamasıdır:
“Xaricdə yaşayan iranlılar da aksiyalara qoşularaq rejimə qarşı beynəlxalq təzyiqi artırmağa çalışırlar. Lakin bu fonda ölkədən kənarda yaşayan bəzi siyasi fiqurların özlərini “alternativ lider” kimi təqdim etməsi İran cəmiyyətində, xüsusilə də qeyri-fars xalqlar arasında ciddi narazılıq doğurur. Pəhləvi sülaləsinin varisinin son dövrlər fəallaşması bu narazılığın əsas səbəblərindən biridir”.
S.Əsədli vurğulayıb ki, etirazlar fonunda Güney Azərbaycandan gələn reaksiya isə xüsusilə sərt və açıqdır:
“Urmiya, Təbriz, Ərdəbil və digər şəhərlərdə səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı təkcə emosional etiraz deyil, tarixi yaddaşa söykənən siyasi mövqedir. Bu şüar nə sadəcə molla rejiminə qarşı yönəlib, nə də keçmiş monarxiyaya nostalji ilə bağlıdır. Bu, Güney Azərbaycanın həm mollakratiyanı, həm də şahçılığı rədd etdiyini açıq şəkildə göstərən kollektiv mövqedir. Güney Azərbaycan cəmiyyətində Pəhləvi rejimi indiki dini hakimiyyətdən az cinayətkar hesab edilmir. Tarixi təcrübə bunu açıq şəkildə sübut edib. Pəhləvi dövründə qeyri-fars xalqlara qarşı həyata keçirilən zorakı mərkəzləşmə, assimilyasiya və farslaşdırma siyasəti bu bölgədə unudulmayıb. Türk dili qadağan edilib, ana dilində təhsil yasaqlanıb, milli kimlik sistemli şəkildə sıxışdırılıb. Bu səbəbdən Rza Pəhləvinin bu gün “demokratiya” və “keçid dövrü” vədləri Güney Azərbaycanda inandırıcı qəbul edilmir”.

Samir Əsədli: Adlar dəyişsə də, mahiyyət dəyişmədikcə xalq üçün heç nə dəyişmir
Siyasi şərhçi qeyd edib ki, etirazların gedişində Təbrizdə baş verənlər prosesin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərdi. Dediyinə görə, şəhərin tarixi qapalı bazarının və ətraf ticarət mərkəzlərinin fəaliyyətini dayandırması sadəcə iqtisadi etiraz deyildi:
“Bu addım rejimin əsas dayaqlarından birinə yönəlmiş siyasi mesaj idi. Ardınca yayılan çağırışlar Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi şəhərlərdə aksiyaların daha da genişlənəcəyini göstərdi. Küçələrdə səslənən “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları isə Güney Azərbaycanın yalnız mövcud rejimi deyil, bütövlükdə fars-mərkəzçi idarəetmə modelini rədd etdiyini ortaya qoydu. Bölgə üçün problem şəxslər deyil, sistemdir. Adlar dəyişsə də, mahiyyət dəyişmədikcə xalq üçün heç nə dəyişmir”.
Həmsöhbətimiz bəyan edib ki, Qərbdə bəzi dairələrin Rza Pəhləvini İran üçün “asan alternativ” kimi təqdim etməsi reallıqla uzlaşmır:
“Onu nə İran xalqı istəyir, nə də ona real və açıq dövlət dəstəyi var. Heç bir ciddi beynəlxalq güc Pəhləvi varisini İranın gələcək legitim lideri kimi qəbul etmir. Əksinə, belə bir ssenari ölkə daxilində etnik və regional qarşıdurmaları daha da dərinləşdirə, mərkəzdənqaçma proseslərini sürətləndirə bilər”.
S.Əsədli bildirib ki, 1925-ci ildən bəri İranı idarə edən sistemlər dəyişsə də, mahiyyət eyni qalıb. Fars şah rejimi fars molla rejimi ilə əvəzlənib. Hər iki model qeyri-fars xalqlara, xüsusilə də Azərbaycan türklərinə azadlıq, bərabərlik və siyasi hüquqlar verməyib.
“Bu gün Güney Azərbaycanda küçələrdə səslənən şüarlar aydın mesaj verir: nə şah, nə molla. Xalq öz milli iradəsini, öz gələcəyini və öz idarəetmə haqqını tələb edir. Bu səs artıq susdurula biləcək etiraz deyil və İranın gələcəyini müəyyən edəcək əsas siyasi reallıqlardan birinə çevrilib”, - deyə Samir Əsədli qeyd edib.
Aydın Baxış
Bakı 




