• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vahid Mustafayev: "Şayiələrə uymayın! ANS MTRŞ-nin tenderində iştirak edib" 

GÜNDƏM

26 Iyul 2021 | 12:13

Vahid Mustafayev: "Şayiələrə uymayın! ANS MTRŞ-nin tenderində iştirak edib"

"Şayiələrə uymayın! Azərbaycan xalqının davamlı tələbinə tabe olaraq, ANS yayım lisenziyasını almaq üçün Milli Televiziya və Radio Şurasının bu tenderində də iştirak edir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu ANS-in rəhbəri Vahid Mustafayev bildirib. 

O, qeyd edib ki, MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə ANS Şirkətlər Qrupuna bağlı üç şirkət (İNS ÇM, Balans və istipress) sənədləri hazırladı və MTRŞ-ya təqdim etdi: "Bütün sənədlər də həmişəki kimi qaydasındadır; həm hüquqi sənədlər, həm təşkilati, həm də maddi-texniki baza barədə məlumatlar. İyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkdilər və hər şeyin qaydasında olduğunu dillərinə gətirdilər və bu barədə müvafiq aktlara imzalar atıldı. 

Eşidəndə çox şad oldum və fərəhləndim ki, ANS TV-nin aparıcılarından biri də ("Qulp" verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərovu nəzərdə tuturam) artıq MTRŞ komissiya üzvüdür. Ümidvaram, Mübariz xatırlayır ki, Azərbaycanda maarifləndirmə işlərinin aparılmasında ANS-in rolu danılmazdır: İllərlə bütün orta məktəblilərin gözlədiyi və sevimlisi olan "Ağıl dəryası" verilişi birbaşa təhsillə bağlı idi və məhz ANS-in bu verilişi sayəsində qalib şagirdlər dünyanın aparıcı ali təhsil müəssisələrinə göndərilirdilər (ödənişsiz! Təhsil xərclərini ANS TV ödəyirdi!). Digər verilişlər də məhz təhsil verir, insanları maarifləndirir, Azərbaycanın və dünya  çaplı məşhur insanlar barədə tamaşaçıları hərtərəfli məlumatlandırırdı. "Dahilərin divanı", "Şəxsiyyət vəsiqəsi", "Keçmişə salam", "Kamerton" və sair verilişlər bu qəbildəndir. ANS-in əsas xətti isə şagirdlərimizi, tələbələrimizi və ümumiyyətlə, gənclərimizi Vətənpərvərlik ruhunda tərbiyə etmək və onları Vətənimizə layiq Vətəndaş böyütmək idi. Məhz bu səbəbdən ANS-i tanıyan hər bir Azərbaycanlı, böyükdən balacayadək, kanalı hər zaman Vətənpərvər adlandırır". 

"Unutmayaq ki, Vətənimizin və regionun bütün müasir tarixinin videoarxivi də ANS-dədir və təhsil işində, həm nəzəri, həm də praktiki cəhətdən vacib olan bu dərsliyin maarifçilikdə xüsusi yeri var. Onu da unutmayaq ki, ANS Akademiyasının məzunları bu gün Azərbaycanımızın ən yüksək dövlət və biznes pillələrində özlərinə yer tapıblar və xalqımıza layiqincə qulluq edirlər. Bu, öz növbəsində, bir daha ANS-in yüksək peşəkarlıqla tədris işini aparmaqda vacib alətlərinin və ən əsası, təcrübəsinin olmasından bəhs edir! Yəni bu istiqamətdə savadımız da var, bacarığımız da! Ən azı, digər iştirakçılardan fərqli olaraq bu işdə 30 illik təcrübəmiz var! Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var! Çünki Dövlətimə və onun yeni, gənc komandasına inanıram!

ANS-in konsepsiyasının əsasını təşkil edən Dəqiq, qərəzsiz və vicdanlılıq prinsiplərinə zidd olan hər hansı təklif yenə də qəbul edilməyəcək" - deyə, Vahid Mustafayev bildirib. 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026