Son illərdə sosial şəbəkələrin güclənməsi ilə blogerlər cəmiyyət həyatında mühüm rol almağa başlayıblar. Onlar yalnız gündəlik həyatlarını paylaşmaqla kifayətlənmir, eyni zamanda müxtəlif məhsul və xidmətləri reklam edirlər.
Bəzən elə olur, izləyicilər bu blogerlərin həyat tərzinə o qədər bağlanırlar ki, onları təqlid etməyə, onların təklif etdiyi məhsulları almağa başlayırlar. Bu isə bir çox ailədə maddi sıxıntılar, hətta ailədaxili münaqişələrə qədər gətirib çıxarır.
Lakin bir sual açıq qalır: blogerlər reklam etdikləri hər məhsulu doğrudan da özləri istifadə edirlərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan marketinq və PR üzrə ekspert Tural Ozan bildirib ki, bu məsələ son zamanlar cəmiyyətin və medianın diqqət mərkəzindədir. Xüsusilə də sosial şəbəkələrdə yayılan reklamların artması, vətəndaşların hüquq-mühafizə orqanlarına və digər qurumlara etdikləri müraciətlər fonunda mövzu daha da aktuallaşıb.
"Sosial şəbəkə aktivləri, blogerlər, influenserlər, tanınmış şəxslər və s. bilavasitə öz sosial şəbəkə hesablarında reklam edirlər. Amma bu reklamlar qanunvericiliklə tənzimlənməlidir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanmalıdır".
Ekspertin fikrincə, bu sahədə indiyə qədər cərimələrin tətbiq olunmaması bir çox hallarda sui-istifadələrə yol açırdı. Prezidentin qanunvericiliyə etdiyi son dəyişikliklərin təsdiqlənməsi isə həm reklam verənlərin, həm də reklam yayımçılarının məsuliyyətini artırır. Artıq heç bir şəxs və ya qurum gizli şəkildə reklam yayımlaya bilməyəcək:
"Ən əsas məqamlardan biri də gizli reklamın yaratdığı fəsadlardır. Son dövrlər bəzi sosial media istifadəçiləri vergidən yayınmaq və ya insanları manipulyasiya etmək məqsədilə məhsulları reklam edərkən, guya həmin məhsuldan özləri istifadə edirmiş kimi təqdimat edirdilər. Onlar videolarında bu məhsulların onlara məxsus olduğunu və ya gündəlik istifadə etdiklərini qeyd edərək izləyicilərdə güvən hissi formalaşdırmağa çalışırdılar".
Tural Ozan: Yeni hüquqi dəyişikliklər rəqəmsal reklam mühitində şəffaflığın artırılmasına xidmət edəcək
Müsahibimiz qeyd edib ki, bundan sonra isə bu cür halların qarşısı alınacaq. Qanuna əsasən, sponsorlu kontent mütləq şəkildə qeyd olunmalı, izləyiciyə onun reklam olduğu aydın şəkildə bildirilməlidir. Həmçinin, reklam edilən məhsulun və ya xidmətin şəxs tərəfindən real şəkildə istifadə olunmaması halında onun tanıdılması da yolverilməz sayılacaq.
"Ümumiyyətlə, reklamlarda yaş həddi nəzərə alınmalıdır. Elə reklamlar var ki, üzərində 18+ qeyd olunmayıb, amma kontentində uşaqların baxması üçün uyğun olmayan məqamlar mövcuddur və bu, onların aldanmasına səbəb ola bilər. Paylaşım saatları da mütləq şəkildə tənzimlənməlidir”.
Həmsöhbətimiz hesab edir ki, beləliklə, yeni hüquqi dəyişikliklər rəqəmsal reklam mühitində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edəcək.
“Bu isə həm istifadəçilərin hüquqlarının qorunması, həm də reklam bazarının ədalətli şəkildə formalaşması üçün mühüm addımdır", - deyə Tural Ozan vurğulayıb.
Nuriyyə Musayeva